AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu Qusar rayonunun İcra Hakimiyyəti və rayondakı Heydər Əliyev Mərkəzi ilə birlikdə Qusar rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Heydər Əliyevin azərbaycançılıq ideyaları Ramiz Qusarçaylının poeziyasında” mövzusunda konfrans keçirib.
Konfransda eyni zamanda görkəmli şair Ramiz Qusarçaylının “Vətən” poemasının təqdimatı olub.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova açaraq Ulu öndərin zəngin dövlətçilik fəaliyyətindən, xalqımızın birliyi, müstəqilliyimizin əbədi və sarsılmazlığı üçün onun həyata keçirdiyi tədbirlər barəsində ətraflı danışıb.
Konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli “Heydər Əliyevin azərbaycançılıq ideyaları Ramiz Qusarçaylının poeziyasında” mövzusundə məruzə edib. E.Mədətli şairin poeziyasından gətirdiyi nümunələrdə Ulu öndərin ideyalarının necə yüksək poetik üslubda təqdim edildiyindən söz açıb, şairin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəni də sonsuz məhəbbət və bədii ustalıqla vəsf edən “Vətən” poemasını müasir Azərbaycan poeziyasının zirvə nümunələrindən biri kimi dəyərləndirib. O, vurğulayıb ki, əsərdə Ulu öndərin parlaq obrazını yaradan Ramiz Qusarçaylı, eyni zamanda 30 il işğal altında qalmış Vətən torpaqlarının düşməndən azad edilməsində xalqı və ordunu dəmir yumruq kimi birləşdirib zəfərə aparan Ali Baş Komandan İlham Əliyevin rəhbərlik və sərkərdəlik məharətini özünəməxsus poetik ustalıq və məhəbbətlə təsvir edib. E.Mədətli qeyd edib ki, Vətən müharibəsində qusarlılar misilsiz qəhrəmanlıqlar göstəriblər. Vətən müharibəsi qəhrəmanı, rayonun Balaqusar kəndindən olan Renad Şixnəbiyevlə təkcə qusarlılar deyil, bütün Azərbaycan xalqı fəxr edir. Rayonun şəhid verdiyi 37 əsgər və zabitin hər biri vətənsevərliyin, vətən üçün fədakarlığın təcəssümüdür və onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, institutun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, institutun baş meneceri Qabil Camalov Ulu öndərin azərbaycançılıq ideyalarının xalqımızın bugünkü birlik və həmrəyliyində misilsiz rolundan danışıb, onun ədəbiyyatın, mədəniyyətin, milli-mənəvi dəyərlərin inkişafına qayğısından söz açıblar.
Tanınmış mənbəşünas-tarixçi və şair, tarix elmləri doktoru, professor Şahin Fazil Ramiz Qusarçaylının vətənpərvərlik mövzusundakı şeirlərindən söz açıb, onun yaradıcılığına dair yazdığı “Sözləri ecazdır Qusarçaylının” kitabından şairə həsr edilmiş şeirlərini oxuyub. Qusar rayonu ziyalılarından ədəbiyyatçı-yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ceyhun Ağabəyov, “Qusar” qəzetinin redaktoru Vidadi Sevzixanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Eyvaz Güləliyev, Balaqusar kənd məktəbin direktoru Babacan Zəkiyev və başqaları Ramiz Qusarçaylının “Vətən” poemasının hər bir Azərbaycan ailəsinin stolüstü kitabına çevrilməsini arzulayıblar.
Konfransa yekun vuran E.Mədətli Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideyalarını öz poeziyasında istedad və ilhamla tərənnüm edən, “Vətən” poeması ilə bu ideyalara canla-başla xidmət edən, hələ illər öncə “Şuşada sən qonduğun daşa pir deyəcəyəm, Çəkəcəyəm gözümə kölgən düşən torpağı, Azərbaycan Bayrağı”- deyən Ramiz Qusarçaylıya yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.