AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə MBBİ-nun əməkdaşları ilə yanaşı Mərkəzi Nəbatat Bağının əməkdaşları da iştirak edib.
Yığıncaq iştirakçıları öncə Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, tükənməz ibrət məktəbi olan zəngin və çoxşaxəli irsindən bəhs edib. Akademik qeyd edib ki, ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdı. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdi. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Heydər Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın iyirminci əsr ictimai siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaradıb. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi.
Bu gün müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyevdir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev sayəsində Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Məhz Ümummilli Lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin etmişdi.
Daha sonra Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev, AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, biologiya elmləri doktorları Səftər Süleymanov, Elman İsgəndər, biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev, YAP Səbail rayonu Sünbül ərazi partiya təşkilatının gənclərlə iş üzrə sədr müavini Natiq Məmmədov, MBBİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova Ümummilli Lider Heydər Əliyevin müxtəlif sahələrdə göstərdiyi əvəzsiz xidmətlərdən bəhs ediblər.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.