Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.05.2022 10:16
  • A-
  • A
  • A+

Fizika İnstitutunda optoelektronika sahəsində tanınmış alim Qriqori Belenkinin 80 illik yubileyi münasibətilə tədbir keçirilib

Fizika İnstitutunda optoelektronika sahəsində tanınmış alim Qriqori Belenkinin 80 illik yubileyi münasibətilə tədbir keçirilib

AMEA-nın Fizika İnstitutunda optoelektronika sahəsində tanınmış görkəmli alim, fizika elmləri doktoru, professor Qriqori Lvoviç Belenkinin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti vəzifəsini icra edən, institutun baş direktoru, akademik Arif Həşimov ilk olaraq institutun kollektivi və Akademiyanın rəhbərliyi adından yubilyarı təbrik edib. Akademik Arif Həşimov qeyd edib ki, professor Qriqori Belenkiy bakılıdır, Bakı Dövlət Universitetini bitirib, uzun illər Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib.

A.Həşimov, həmçinin şuranın iclasında AMEA-nın Rəyasət Heyəti adından Qriqori Belenkiyə AMEA-nın Fəxri fərmanını təqdim edib, ona iş və elm sahəsində uğurlar arzulayıb. Daha sonra akademik Arif Həşimov professor Belenkinin gördüyü işlərdən və uğurlarından söz açıb. O bildirib ki, Qriqori Belenki Fizika İnstitutunda işlədiyi illərdə ardıcıl olaraq elmi vəzifələrin bütün mərhələlərini keçib, uzun illər laboratoriya müdiri vəzifəsində çalışıb. Q.Belenki keçmiş SSRİ-nin aparıcı fizika məktəbləri ilə sıx elmi əlaqələrin qurulmasına bir çox töhfələr verib. Xüsusilə, akademik L.V.Keldış kimi dünya şöhrətli tanınmış fizikləri qeyd etmək olar. Q.Belenki fizika elminin inkişafı sahəsində 1988-ci ildə Azərbaycan SSR-in Dövlət mükafatına layiq görülüb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan elminin inkişafında və elmi əlaqələrin genişləndirilməsindəki xidmətlərinə görə, Qriqori Belenki 2012-ci ildə “Dostluq” ordeni ilə təltif edilib.

İclasda çıxış edən Fizika İnstitutunun laboratoriya müdiri, fizika elmləri doktoru Nadir Abdullayev bildirib ki, Qriqori Belenki Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirdikdən sonra 1964-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutuna göndərilmiş və burada Azərbaycan fiziki məktəbinin banilərindən biri, akademik Həsən Abdullayevin rəhbərliyi ilə elmi fəaliyyətə başlayıb. 1965-ci ildə təhsilini davam etdirmək üçün Qriqori Belenki Ukrayna Elmlər Akademiyasının (Kiyev) Yarımkeçiricilər İnstitutunun aspiranturasına daxil olub, 1969-cu ildə onu uğurla başa vurub. O, ardıcıl olaraq elmi vəzifələrin bütün mərhələlərini keçib, uzun illər Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun laboratoriya müdiri vəzifəsində çalışıb. 1979-cu ildə doktorluq dissertasiyasını müdafiə etib.

1989-cu ildən ABŞ-da yaşayan alim Bakıdakı dostları və tələbələri ilə daim əlaqədə olur, hər zaman dostluq və elmi əməkdaşlığı davam etdirir. 2005 və 2007-ci illərdə Bakıda keçirilən böyük beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib.

İclasda, o cümlədən akademik Nazim Məmmədov, AMEA-nın müxbir üzvü Rauf Hüseynov, fizika elmləri doktorları Ayaz Bayramov və Talət Mehdiyev çıxış edərək xatirələrini bölüşüblər.

Sonda Qriqori Belenki haqqında film nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: