Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

11.05.2022 10:48
  • A-
  • A
  • A+

Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti hər bir gənc üçün fəxr və qürur mənbəyidir

Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti hər bir gənc üçün fəxr və qürur mənbəyidir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən tədbir keçirilib.

Əvvəlcə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər. Gənc alimlər Ulu Öndərin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun məzarı üzərinə gül dəstələri qoyub, ehtiramla yad ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev Ulu Öndərin həyat yoluna nəzər salıb, onun Azərbaycan xalqının müasir tarixində oynadığı önəmli roldan danışıb. Şura sədri böyük şəxsiyyət Heydər Əliyev tərəfindən intellektual nəslin formalaşması istiqamətində ardıcıl addımların atıldığını bildirib. Qeyd edib ki, onun zəngin dövlətçilik irsi gənclər üçün böyük nümunədir. Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti hər bir gənc üçün fəxr və qürur mənbəyidir.

Azərbaycan tarixinin Heydər Əliyev dövrünün ölkə həyatında əhəmiyyətini vurğulayan Elmir Babayev bildirib ki, dinamik inkişaf edən və ildən-ilə beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.

Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Şəfa Əliyeva “Azərbaycan ədəbiyyatında Heydər Əliyev fenomeni” adlı məruzə ilə çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin hələ SSRİ zamanında Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ədəbiyyata, şair və yazıçılarımıza göstərdiyi xüsusi qayğıdan danışıb. Məruzəçi bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın ədəbiyyat nümayəndələrinin çoxsaylı kitabları nəşr olunub, yubileyləri keçirilib. Bakıda və digər şəhərlərimizdə görkəmli qələm sahiblərinin heykəlləri, barelyefləri hazırlanıb. 1993-cü ildən müstəqil Azərbaycan Respublikasına rəhbərliyi zamanı Ümummilli Lider bu tendensiyanı davam etdirmiş, tez-tez şair və yazıçılarımızla görüşmüş, onların qayğıları ilə yaxından tanış olmuşdu.

Şəfa Əliyeva Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan ədəbiyyatının inkişafından və bu inkişafın bu gün Prezident İhlam Əliyevin rəhbərliyi altında davam etdirilməsindən danışıb.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əlləz Əhmədov “Heydər Əliyevin mədəniyyət siyasəti:Milli teatrın inkişafı”, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Behbud İbrahimov “Gəncliyin inkişafında Ulu Öndər dühası”, Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Elnur Mustafayev “Müstəqillik dövründə Azərbaycanın Şərq siyasəti (Ərəb ölkələri nümunəsində)”, Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə “Heydər Əliyev və Qafqazda sülh quruculuğu strategiyası” adlı məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: