Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.05.2022 15:40
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa” mövzusunda elmi konfrans keçirilib

Şərqşünaslıq İnstitutunda “Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa” mövzusunda elmi konfrans keçirilib.

AMEA-nın Əsas binasının akt zalında baş tutan konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhəri 28 illik işğaldan sonra 2020-ci ilin 8 noyabrında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra şəhərdə infrastrukturun qurulmasına, tarix və mədəniyyət abidələrinin bərpasına, Şuşanın əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrin həyata keçirməsinə başlanılıb. Ölkə Prezidentinin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında 7 may 2021-ci il və Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli sərəncamlarını xatırladan akademik G.Baxşəliyeva, bununla əlaqədar Şərqşünaslıq İnstitutunda da bir sıra işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Hazırkı konfransdan əlavə bu il institut tərəfindən iraqlı alimlərlə birgə Bakıda və Bağdadda “İslam aləminin mədəniyyət mərkəzlərindən biri – qədim Şuşa” mövzusunda beynəlxalq konfranslar, həmçinin “Qarabağda tolerantlıq və multikulturalizm ənənələri (Azərbaycan modeli əsasında)” mövzusunda respublika konfransı, “Şuşa ilinin elan olunmasının bölgədə ictimai-siyasi sabitliyin təmin olunmasında əhəmiyyəti” mövzusunda elmi sessiya keçiriləcək. İnstitutda Şuşa haqqında 6 dildə “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı buklet hazırlanacaq. Şuşa haqqında ətraflı məlumat hazırlanaraq türk, ərəb, fars, çin dillərində Vikipediyada yerləşdiriləcək. Akademik G.Baxşəliyev bu il institutda Şuşa ilə bağlı “Qarabağ məsələsi Cümhuriyyət parlamentində və 1918-1920-ci illər İngiltərə, Türkiyə və İranın Cənubi Qafqaz siyasətində”, “Azərbaycan-İran münasibətlərində Şuşa”, “İkinci Qarabağ müharibəsi və müsəlman dünyası”, “Qarabağın epiqrafik abidələrindəki adlar”, “Qarabağın maddi və mənəvi irsi epiqrafik abidələr əsasında (X-XIX əsrlər)” mövzularında elmi tədqiqat işlərinin aparıldığını da qeyd edib. 

Sonra konfrans işini məruzələrlə davam etdirib. Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Əhmədov “Şuşa şəhərinin salınması tarixindən” mövzusunda məruzəsində bu sahədə tarixi faktları dilə gətirərək, ətraflı məlumat verib. Tarixən 20-yə qədər “Qarabağnamə”nin yazıldığını qeyd edən məruzəçi, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın fəaliyyətindən, Qarabağ bölgəsində tikdirdiyi Bəyat, Tərnəkut, Şuşa  qalalarının inşasından əhatəli bəhs edib.

Konfransda, həmçinin institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə “Azərbaycan-İran münasibətlərində Şuşa”, Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Dürdanə Cəfərli “Şuşa şəhəri timsalında Qarabağın memarlıq məktəbi”, həmin şöbənin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev “Yuxarı Gövhər Ağa məscidinə aid epiqrafik abidələrin tədqiqi”, Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı “Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni abidələr” mövzularında məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: