Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.05.2022 15:31
  • A-
  • A
  • A+

Professor Qəzənfər Kazımovun 85 illik yubileyi qeyd olunub

Professor Qəzənfər Kazımovun 85 illik yubileyi qeyd olunub

Mayın 20-də AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli alim, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun anadan olmasının 85 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Tədbirdə Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli professor Qəzənfər Kazımovun həyat və yaradıcılığına nəzər salıb. Bildirib ki, Q.Kazımov 1937-ci ildə Qarabağın füsunkar bölgəsi olan, Araz boyunda, Xudafərin körpüsü səmtində yerləşən Cəbrayıl rayonunun alimlər, ziyalılar məkanı olan Soltanlı kəndində müəllim ailəsində anadan olub. Fərqlənmə diplomu ilə ali filoloji təhsil alıb, orta məktəbdə müəllim işləyib, sonra əyani aspiranturaya qəbul olub, 1967-ci ildə dilçi-akademik Əzəl Dəmirçizadənin rəhbərliyi ilə “Ə.Haqverdiyevin dramaturgiya dili” mövzusunda namizədlik, 1988-ci ildə “Azərbaycan sovet satirik nəsrinin dili: 1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1989-cu ildə isə ona professor elmi adı verilib.

Nadir Məmmədli vurğulayıb ki, müəllimlik fəaliyyəti Qəzənfər Kazımovun həyatının ayrılmaz və şərəfli bir hissəsidir: “Professor Qəzənfər Kazımov 1965-ci ildən bu günə qədər ziyalı-müəllim, alim yetişdirməklə məşğuldur. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb, uzun müddət Filologiya fakültəsinin dekanı olub. Həmçinin Pedaqoji Universitetdə Müdafiə şurasının sədr müavini, Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü kimi onlarla alimin, müəllimin yetişməsində əvəzsiz xidmətlər göstərib”.

Diqqətə çatdırıb ki, Qəzənfər Kazımov həm də 1999-cu ildən Dilçilik İnstitutunda fəaliyyət göstərir.

Daha sonra akademik Nizami Cəfərov “Qəzənfər Kazımovun yaradıcılığında Azərbaycan dilinin tarixi problemləri” mövzusunda çıxış edib. Akademik bildirib ki, Qəzənfər Kazımov Azərbaycan dilçiliyinin klassikidir: “Qəzənfər Kazımovun tədqiqatlarında Azərbaycan dilçiliyinin yeni mərhələsinə mənsub elmi-nəzəri düşüncəsinin nəbzi döyünür. O, orta məktəblərin şagirdləri, ali təhsil müəssisələrinin tələbələri üçün dərsliklər yazıb”.

Tədbirdə professorlar Sayalı Sadıqova, Tofiq Müzəffəroğlu, Qəzənfər Paşayev, Sərdar Zeynalov, İlham Tahirov, İsmayıl Məmmədli və Vidadi Xəlilov, dosent Baba Məhərrəmli məruzələrlə çıxış ediblər. Məruzələrdə vurğulanıb ki, Qəzənfər Kazımov həmişə filoloji elmin ən mühüm, aktual, az toxunulan və yaxud da heç toxunulmayan problemlərindən yazıb, çoxsahəli elmi istiqamətlərdə az-az tədqiqatçıya xas olan fəaliyyət göstərib. Onun elmi fikirləri dilçiliyin mübahisəli məsələlərinə işıq salıb.

Sonda professor Qəzənfər Kazımov tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: