Naxçıvan Dövlət Universiteti (NDU) ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında kadr hazırlığı, elmi-tədqiqat və istehsalatın elmi əsaslarla təşkili sahəsində anlaşma memorandumu imzalanıb.
Tədbirdə çıxış edən NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müqavilənin hər iki elm müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını və elmi layihələrin həyata keçirilməsinə təkan verəcəyini bildirib.
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev qeyd edib ki, institut torpaq və aqrokimyəvi tədqiqatlar apararaq son nəticələrin tətbiqini istehsalata yönəldir. Həmin nəticələr kənd təsərrüfatının müxtəlif sahələrində şoranlaşmaya və irriqasiya erroziyasına qarşı mübarizə yollarına, torpaqda münbitliyin bərpasına, gübrənin norma əsasında verilməsinə, sonda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınmasına xidmət edir.
Qeyd edilib ki, müqavilənin imzalanmasında məqsəd NDU ilə əməkdaşlıq çərçivəsində yüksək dərəcəli elmi kadrların tədrisə cəlb olunmasına, magistrantların AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bazasından yararlanmasına şərait yaratmaqdır. Memorandumda torpaqşünaslıq, aqrokimya, və ekologiya elmlərinin qarşılıqlı maraq doğuran sahələrində və innovasiya istiqamətli elmi kadr hazırlığında birgə iştirak, NDU-nun professor-müəllim heyətinin, elmi işçilərinin, magistr və doktorantlarının AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müvafiq şöbələrində, elmi-tədqiqat laboratoriyalarında ixtisasartırmaya cəlb olunması və digər məsələlər öz əksini tapıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir