Azərbaycanın ev sahibliyi etdiyi “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ölkəmizdə texnologiyaların və innovasiyaların inkişafına təkan verən, eləcə də Azərbaycan və Türkiyənin qardaşlıq və əməkdaşlığını yeni tarixi mərhələyə çıxarmış mötəbər tədbirlərdəndir. Festival aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Festival, həmçinin Azərbaycan və Türkiyənin elm, təhsil və texnologiya sahəsində əməkdaşlığını daha da dərinləşdirərək yeni perspektivlər açmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da iştirak edərək çıxış etmələri festivalın əhəmiyyətini bir daha ortaya qoymuş oldu, eləcə də ölkələrimizin birliyini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.
Festival çərçivəsində baş tutan sərgidə AMEA üçün ayrılmış pavilyonda qurumun elmi tədqiqat institutları, Akademiyanın Yüksək Texnologiyalar Parkının 5 rezidenti tərəfindən nümayiş etdirilən layihələr iştirakçıların böyük marağına səbəb olmuşdur. Müxtəlif ölkələrdən olan və ya respublikamızı təmsil edən tanınmış alimlər və mütəxəssislər, elm və təhsil ictimaiyyətinin nümayəndələrinin Akademiyanın innovativ layihələrini yüksək qiymətləndirmələri AMEA-da fundamental tədqiqatların aparıldığının göstəricisidir.
Eyni zamanda, “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktarın AMEA-nın pavilyonu ilə yaxından tanış olması, Yüksək Texnologiyalar Parkının təqdim etdiyi pilotsuz uçuş aparatları, robotlar, “ağıllı” qurğular, o cümlədən mühərrik və sürtkü yağlarına böyük diqqət göstərməsi AMEA-da əldə olunan nailiyyətlərin yüksək elmi nəticələrə söykəndiyinin bariz nümunəsidir.
Əminliklə demək olar ki, gənc nəsildə texnologiyalara böyük həvəs oyatmış “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ölkəmizdə gələcəyin yüksəkixtisaslı tədqiqatçılarının yetişməsində böyük rol oynayacaqdır. İnanırıq ki, Azərbaycan-Türkiyə əlaqələri bundan sonra da bütün sahələrdə dinamik olaraq inkişaf edəcək, həmrəyliyimiz əbədi olacaq.
Vasif ABBASOV, AMEA-nın Yüksək Texnologiyalar Parkının baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.