Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.06.2022 10:52
  • A-
  • A
  • A+

Azərbaycanda yaşıl şəhərlərin yaradılması problemləri müzakirə olunub

Azərbaycanda yaşıl şəhərlərin yaradılması problemləri müzakirə olunub

İyunun 13-də AMEA-nın İqtisadiyyat İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.

İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

Seminarda İqtisadiyyat İnstitutunun Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Samirə Abasova “Azərbaycanda yaşıl şəhərlərin tətbiqi: müasir vəziyyət, problemlər, perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Müasir şəhərsalmanın başlıca prinsipləri, əsas xüsusiyyətləri barədə danışan məruzəçi yaşıl, sağlam və eko şəhərlərin müqayisəli təhlilini verib, əsas üstünlüklərindən bəhs edib. Həmçinin yaşıl texnologiyalar üzrə qabaqcıl beynəlxalq təcrübə, xüsusən də Almaniya, Sinqapur və Fransanın yaşıl iqtisadiyyat, müasir infrastrukturun qurulması, nəqliyyatın idarə olunması,  ağıllı və smart şəhərlər barədə məlumatlar təqdim olunub.

S.Abasova bildirib ki, yaşıl şəhərlərdə rabitə və ictimai nəqliyyatı idarə etmək üçün müasir rəqəmsal texnologiyalardan istifadə edirlər. Yaşıl şəhərlərdə yalnız ictimai nəqliyyat, velosipedlə hərəkət, elektriklə işləyən avtomobillərdən istifadə nəzərdə tutulur. Azərbaycanın böyük şəhərlərinin yaşıllaşdırılması ilk növbədə yaşıllıq zolaqlarının artırılması, yeni parkların yaradılması, məişət tullantılarının növlərə ayrılması, atmosferin karbon qazı tullantılarından qorunması üçün ictimai nəqliyyata müraciət edilməsi, müəyyən günlərdə şəxsi avtomobillərin şəhərdə istifadəsinə qadağa qoyulması, əhali və yerli idarəetmə orqanları ilə kooperasiyanın yaradılması əsasında baş verə bilər: “Ölkəmizdə yaşıl şəhərlər təcrübəsinin tətbiqi o zaman mümkündür ki, belə şəhərlər sıfırdan xarici investorlardan böyük vəsaitlərin cəlb edilməsi və dövlət subsidiyaları hesabına yaradılsın. Yaşıl şəhərlər digər şəhərlərdən onunla fərqlənir ki, əhali müxtəlif idarəetmə növləri üzrə yerli hakimiyyət orqanları ilə birgə qərarlar qəbul edir”.

Daha sonra suallar cavablandırılıb.

Seminarda Bakının ekoloji problemləri və onların həlli yolları, tullantıların düzgün idarə olunması, nəqliyyat sıxlığının azaldılması, yaşıllıqların artırılması, əhalinin yaşıl şəhərsalmada iştirakı, şəhərlə kənd arasındakı fərqlərin aradan qaldırılması, ekoloji mədəniyyətin formalaşdırılmasının əhəmiyyəti ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: