AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüş keçirilib.
Görüş zamanı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli 2012-ci ildə Yaponiyaya olan səfərindən və qarşılıqlı əməkdaşlıqdan danışıb. Tokiodan əlavə, Xrosimada da olduğunu xatırladan akademik İsa Həbibbəyli həmin şəhərin Ağdamla oxşar taleyindən söz açıb: “Xrosimadakı dəhşətin səviyyəsini oradakı videolentdən görmək olur. Ağdamdakı erməni vəhşiliklərini isə əyani görmək mümkündür. Hər ikisi bəşəriyyət üçün böyük fəlakətdir. Xrosimada yandırılmış torpaqlarla yanaşı, yeni park salınıb və yaponlar həmin parkın adını “Sülh” qoyub. Azərbaycan da müharibə bitəndən sülh müqaviləsinin bağlanmasını istəyir. Ölkəmizdə Yaponiyaya böyük maraq, hörmət və ehtiram var. Naxçıvan Dövlət Universiteti ilə də Yaponiya arasında yaxşı əlaqələr var. Mən rektor olan zamanlar bu əlaqələr qurulmuşdu, hazırda da yüksək səviyyədə davam edir. Əlaqələrimiz səfirliklər, diasporlar, universitetlər səviyyəsində inkişaf edir”.
Akademiya səviyyəsində də əlaqələrin inkişaf etdirilməsinin önəminə toxunan İ.Həbibbəyli institutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşı, dissertant Gülnar Yunusovanın yapon ədəbiyyatını tədqiq etdiyini söyləyib: “Gülnar Yunusova yaponiyada oxuyub, yapon dilini öyrənib. Yapon ədəbiyyatını tədqiq edir, hətta yapon ədəbiyyatından tərcümələr edir. Bu gün Gülnar Yunusovanın dissertasiya müdafiəsidir, elmi rəhbəri mənəm. Gülnar Yunusova “Dünya ədəbiyyatı (yapon ədəbiyyatı)” ixtisası üzrə “Haruki Murakaminin yaradıcılığında postmodernizm” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyasını müdafiə edir. Haruki Murakami müasir yapon ədəbiyyatının əsas simalarından biridir. İlk dəfədir ki, bizdə müdafiədə səfir iştirak edir. Gülnar Yunusova institutumuzun ən gənc şöbələrindən olan Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşıdır. Həmin şöbənin müdiri professor Bədirxan Əhmədlidir”.
Cəlil Məmmədquluzadənin hekayələrinin Yaponiyada çapının nəzərdə tutulduğunu vurğulayan akademik görkəmli ədibin yapon oxucusuna tanıdılmasının önəmini bildirib.
Sonra Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi çıxış edərək iki ölkə arasında əlaqələrin həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə inkişaf etməkdə olduğunu deyib: “Bu münasibətlərin ədəbiyyat sahəsində də inkişaf etməsi çox vacibdir. Gülnar Yunusovanın apardığı tədqiqat da bu əlaqələrin inkişafında müsbət rolunu oynayacaq. Bu il Yaponiya-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümünü qeyd edirik. Belə bir zamanda Gülnar Yunusovanın hazırladığı tədqiqat işi bu əlaqənin inkişafına bir töhfədir. İki ildir ki, Azərbaycandayam, yaponlarla azərbaycanlılar arasında ortaq cəhətlər çoxdur. Sevinirəm ki, burada iştirak edib, öz dəstəyimi göstərə bilirəm”.
Rəsmi görüşdən sonra Gülnar Yunusovanın müdafiəsi keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.