Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.06.2022 11:26
  • A-
  • A
  • A+

AMEA YTP və STEPI-nin birgə icra etdiyi layihə ilə bağlı onlayn mühazirə dinlənilib

AMEA YTP və STEPI-nin birgə icra etdiyi layihə ilə bağlı onlayn mühazirə dinlənilib

AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) tərəfindən birgə həyata keçirilən “Azərbaycanda YTP-nin istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində “Bilik laboratoriyası” formatında 4-cü onlayn mühazirə keçirilib.

Seul Milli Elm və Texnologiya Universitetinin vitse-prezidenti, professor Gyeong Soo (John) Shim “Startap və inkubasiya siyasəti” mövzusunda mühazirəni təqdim edərək, müştəri araşdırmasına əsaslanan texnologiya startapları və metodları, laboratoriya əsaslı startap təhsili və onun nəticələri, eləcə də əqli mülkiyyət texnologiyaları haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, professor Shim Koreyanın Hanyang Universitetində bakalavr və magistratura pillələri üzrə təhsil almış, Koreya Universitetində ona fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. O, ABŞ-ın Corc Vaşinqton və Kolumbiya universitetlərində innovasiya kurslarını bitirmişdir. Alim innovasiya və sahibkarlıq sahələri üzrə 30 illik təcrübəyə malikdir.

Tədbir zamanı, həmçinin Koreya Respublikasında həyata keçirilən müxtəlif startap proqramları (“Lean Startup”, “NSF I-Corps” və s.), ABŞ təcrübəsi əsasında qlobal bazarda uğur qazanmış startap nümunələri və texnologiyaların kommersiyalaşdırılması üsullarına dair zəruri məlumatlar diqqətə çatdırılıb.

Onlayn mühazirədə ali təhsil müəssisələri, dövlət və özəl sektor nümayəndələri iştirak ediblər.

Daha sonra Azərbaycanda müvafiq sahədə həyata keçirilən işlər və mövcud problemlər barədə ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: