İyunun 28-də AMEA-nın Əsas binasında Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş “Azərbaycan-Koreya elmi əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Avrasiya Sivilizasiyasının Tədqiqi üzrə Koreya Assosiasiyasının, Koreya Respublikasının ölkəmizdəki səfirliyinin, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə keçirilən konfransda hər iki ölkənin elm xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq Azərbaycan və Koreya respublikaları arasında diplomatik münasibətlərin keçdiyi böyük inkişaf yolundan, eyni zamanda Azərbaycan-Koreya beynəlxalq arxeoloji ekspedisiyasının uğurlu fəaliyyətindən danışıb. Akademik qeyd edib ki, bu il Azərbaycan və Koreya respublikaları arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Dövlətlərimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələri dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində böyük inkişaf yolu keçib. Akademik Arif Həşimov vurğulayıb ki, müstəqillik dövrümüzdən başlayaraq Azərbaycanın digər şəhər və rayonlarında olduğu kimi, Qəbələ ətrafında da əsaslı arxeoloji tədqiqatların aparılmasında dövlət qayğısı aydın şəkildə hiss olunur: “Dövlətimizin milli irsimizin tədqiqi strategiyasına sadiq olaraq bəzi qeyri-hökumət təşkilatları da bu işdə yaxından iştirak edirlər. Buna misal kimi, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının fəaliyyətini xüsusi vurğulamaq olar”.
Sonra Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Li İn Yonq çıxış edərək Koreya və Azərbaycandan olan ekspertlər və akademiklərin iştirakı ilə belə bir konfransın keçirilməsindən böyük məmnunluq duyduğunu deyib, konfransın təşkilatçılarına öz minnətdarlığını bildirib.
Tədbir iştirakçılarını salamlayan AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov Qəbələdə müxtəlif illərdə aparılan arxeoloji tədqiqatlardan və onların uğurlu nəticələrindən bəhs edib. Qəbələdə ilk arxeoloji tədqiqatların təxminən yüz il əvvəl başladığını söyləyən baş direktor bu illər ərzində arxeoloqlardan Davud bəy Şərifov, İshaq Cəfərzadə, Ömər İsmizadə, Saleh Qazıyev, İlyas Babayev, Qara Əhmədov, Firudin Qədirov, Rəhim Vahidov, Qafar Cəbiyev, Natiq Alışov və Ceyhun Eminlinin Qəbələ rayonu ərazisində apardıqları arxeoloji qazıntı işlərinin xronoloji ardıcıllığını qeyd edib. O, həmçinin bildirib ki, son illər Azad Zeynalov, Yi Seon Bok və Mansur Mansurov tərəfindən Qəbələ ətrafında Paleolit dövrünə aid izlərin tədqiqi, Nəsib Muxtarov tərəfindən Qalayeri yaşayış məskənində Xalkolit dövrünə aid arxeoloji-xilasetmə işləri, Azərbaycan-Koreya Arxeoloji Ekspedisiyasının Dızaxlı kəndi ərazisində yerləşən Tunc dövrü kurqanında apardığı arxeoloji tədqiqatlar Qəbələ rayonu ərazisinin Daş dövründən bu günümüzə qədər davamlı olaraq yaşayış üçün münasib olduğunu göstərir.
Koreyanın Seul Milli Universitetinin professoru Yi Seon Bok isə çıxışında belə bir tədbirdə iştirak etməkdən şərəf duyduğunu dilə gətirib. O, Koreyadan olan tədqiqatçılara Qəbələnin Səlbir və digər ərazilərində arxeoloji qazıntı işlərinin aparılması üçün yaradılan imkan və hər cür dəstəyə görə SEBA Assosiasiyasının rəhbərliyinə və əməkdaşlarına öz dərin minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru, SEBA Assosiasiyasının şöbə müdiri İradə Nəcəfova 2004-cü ildən fəaliyyət göstərən SEBA Assosiasiyasının Azərbaycan-Koreya əlaqələrinin inkişafında elm, ədəbiyyat, təhsil, mədəniyyət, səhiyyə, xeyriyyəçilik və s. istiqamətlərdə apardığı fəaliyyətlərin mühüm rolu olduğunu söyləyib.
Konfransda Qəbələdə aparılan arxeoloji tədqiqatlar haqqında film də nümayiş olunub. Eyni zamanda konfransın materiallarından ibarət toplu, Qəbələ arxeologiyasına həsr olunmuş disk, SEBA Assosiasiyasının 2005-2015, 2016-2020-ci illərdə gördüyü işlər barədə kataloq da konfrans iştirakçılarına təqdim edilib.
Tədbir öz işini Azərbaycan və Koreya alimlərinin məruzələrinin dinlənilməsi ilə davam etdirib.
Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.