Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Pakistanlı alimlər Əlyazmalar İnstitutunda olublar
06.07.2022 10:02
  • A-
  • A
  • A+

Pakistanlı alimlər Əlyazmalar İnstitutunda olublar

Pakistan Respublikasının Lahor Dövlət Kollec Universitetinin Urdu dili kafedrasının dosenti Almaz Khanum və Lahor Dövlət Qadın Tədqiqatlar Kollecinin Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Faiza Bashir AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar.

Qonaqları institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə qarşılayıb və onlara institutun tarixi, beynəlxalq əlaqələri, burada mühafizə olunan əlyazmalar və yerinə yetirilən tədqiqat işləri barədə ətraflı məlumat verib. Daha sonra tədqiqatçılar Əlyazmalar İnstitutunun Ekspozisiya zalında nümayiş olunan qədim əlyazmalarla tanış olublar.

Almaz Khanum və Faiza Bashir postdoktoral səviyyədə “Azərbaycan-Pakistan münasibətlərinə tarixi-ədəbi yanaşma” mövzusunda, eyni zamanda tədqiqat sahələrinə uyğun olaraq Azərbaycanlı milyonçu, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev haqqında elmi tədqiqat işləri aparmaq və institutun fondlarında mövcud olan arxeoqrafik sənədlərlə tanış olmaq istədiklərini bildiriblər. Bu məqsədlə qonaqlara institutun fondunda qorunan arxeoqrafik sənədlər üzərində tədqiqat işləri aparmaq üçün müvafiq şərait yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: