Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.05.2025 10:06
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimi Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib

Əlyazmalar İnstitutunun alimi Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük ədəbi məktəbin banisi, maarifpərvər şair Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və “Höccət İbn Həsən məscidi” Dini İcmasının birgə təşkilatçılığı ilə həyata keçirilmiş tədbirdə alim Füzuli məktəbinin davamçısı, zəngin yaradıcılığı ilə ədəbiyyat tariximizin inkişafında mühüm rol oynamış böyük ictimai xadim, görkəmli ədib və filosof Seyid Əzim Şirvaninin həyat və yaradıcılığından, onun ədəbi-bədii irsindən söz açıb, çıxışında şairin “Təzkirə”si haqqında ətraflı məlumat verib. Bildirib ki, ədibin təqribən on il üzərində çalışdığı, “Qafqaz şairləri”, “Azərbaycan şairləri”, “Anadolu şairləri” və “Türküstan şairləri” başlıqlı 4 fəsildən ibarət “Təzkirə”sində ümumilikdə 270 şairdən bəhs olunur. Burada, həmçinin Hindistan və İranın bəzi şairləri, o cümlədən, müasir rus ədəbi dilinin banisi, görkəmli şair, dramaturq və nasir A.S.Puşkin haqqında da məlumatlar yer alır ki, bu da S.Ə.Şirvaninin Azərbaycan, rus, ərəb və fars dili biliklərinə sahib olmasını qabarıq şəkildə göstərir.

Tədbirdə “Höccət İbn Həsən məscidi” Dini İcmasının rəhbəri Allahverən Məmmədzadə, respublikanın tanınmış alim və ziyalıları, elm və incəsənət xadimləri, o cümlədən Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nazim Fətullayev, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarov, fil.ü.f.d. Vərağa Almaslı, Əməkdar İncəsənət xadimi, dosent Hacı Aqil Məlikov, Azərbaycan Milli Konservatoriyasının dosenti, əməkdar artist Valeh Rəhimov iştirak ediblər.

Tədbir çərçivəsində Hövsan kənd sakini şərqşünas Elnur Kazımovun şəxsi kitabxana kolleksiyasından təqdim etdiyi, Seyid Əzim Şirvani yaradıcılığına həsr olunmuş kitab sərgisi nümayiş olunub. Sonda tədbir iştirakçılarının xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: