Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

02.06.2015 16:01
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

İyunun 2-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Fiziologiya İnstitutunun direktoru,  biologiya üzrə elmlər doktoru Ulduz Həşimovanın dəvəti ilə ölkəmizə səfər edən Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü, Rusiya Federasiyasının İctimai Palatası nəzdində Dayanıqlı İnkişaf İnstitutunun direktoru, N.K.Koltsov adına İnkişafın Biologiyası İnstitutunun Postnatal ontogenez laboratoriyasının müdiri Vladimir Zaxarov ilə görüş keçirilib.

Görüşdə REA-nın N.K.Koltsov adına İnkişafın Biologiyası İnstitutu ilə AMEA-nın Fiziologiya İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. İki elmi müəssisə arasındakı əməkdaşlığın əhəmiyyətindən söz açan U.Həşimova orqanizmin həyati əhəmiyyətli funksiyalarının parametrlərinin saxlanılması və nəzarət altına alınmasının vacibliyindən danışıb.

Fiziologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə “İnkişafın homeostazı:  ekoloji və sosial  aspektləri”  mövzusunda  məruzə dinlənilib və mövzu ilə əlaqədar suallar cavablandırılıb.  

Məruzədə fərdi inkişafla populyasion inkişaf arasında qarşılıqlı əlaqələrə yeni baxış təqdim olundu. Qeyd olundu ki, ənənəvi olaraq ontogenetik və populyasion tədqiqatlar ayrı-ayrılıqda aparılır, lakin bu gün tam aydındır ki, ontogenezin “inkişafın sabitliyi” göstəricisi üzrə xüsusi analizini aparmadan  populyasion proseslərin mexanizmlərinin başa düşülməsi çətinliklərlə qarşılaşır. Mühit stresinin ölçüsü kimi qəbul edilən inkişaf sabitliyinin təhlili perspektiv bir yanaşma olaraq həm təbii şəraitdə, həm də müxtəlif antropogen təsirlər altında sağlamlığın qiymətləndirilməsi və monitorinqi üçün geniş imkanlar yaradır.

İnkişafın homeostazının ekoloji və sosial aspektlərindən söz açan rusiyalı professor ontogenezin müxtəlif  mərhələlərində  yaşayış  yeri, qida  tipi,  yerdəyişmə xarakteri, orqanizmlərin ümumi aktivliyinin dəyişə bildiyini söyləyib. Qeyd edib ki, populyasiyanın  sabitliyi və  nisbi  sərbəstliyi  onun struktur  və  daxili  xassələrinin  dəyişən yaşayış  şəraiti  fonunda  uyğunlaşma  xüsusiyyətlərinin saxlanmasından  asılıdır. V.Zaxarov onu da vurğulayıb ki, mühitlə  dinamik  tarazlığın  saxlanması  bütöv  bioloji  sistem  kimi  populyasiyanın  homeostazı  prinsipindən  irəli gəlir.

Tədbirdə AMEA-nın Fiziologiya və Botanika institutlarının əməkdaşları iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: