Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.07.2022 16:00
  • A-
  • A
  • A+

Həlimə Mehdiyeva Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunub

Həlimə Mehdiyeva Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunub

AMEA-nın vitse-prezidentinin köməkçisi Həlimə Mehdiyeva çoxillik səmərəli fəaliyyətinə görə Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.

Təltifetmə mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli onun yüksək insani keyfiyyətlərindən və peşəkar təşkilati xidmətlərindən danışıb. Qeyd edib ki, yüksək mənəviyyat sahibi olan Həlimə Mehdiyeva Azərbaycan qadınına xas olan yüksək mənəvi  xüsusiyyətləri özündə birləşdirir. O, çalışdığı  müddətdə nizam-intizamı, təşkilatçılıq qabiliyyəti ilə özünü doğruldub, işinə məsuliyyətlə yanaşıb, verilən tapşırıqları vaxtında və qüsursuz yerinə yetirib. Alim göstərdiyi nümunəvi davranışı və peşəkarlığı ilə Həlimə Mehdiyevanı gənc nəslə örnək nadir insanlardan biri kimi xarakterizə edib.

AMEA-nın Rəyasət Heyəti aparatı kollektivinin iştirak etdiyi tədbirdə uzun illər onunla çiyin-çiyinə işləmiş bir sıra əməkdaşlar çıxış edərək, Həlimə Mehdiyevaya səmimi arzu və istəklərini ifadə edib, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirin sonunda akademik İsa Həbibbəyli uzun illər vitse-prezidentin köməkçisi vəzifəsində çalışmış Həlimə Mehdiyevaya Humanitar Elmlər Bölməsinin Fəxri fərmanını təqdim edib və kollektivlə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Həlimə Kazım qızı Mehdiyeva Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsini bitirib. 1981-2002-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ümumi və kadrlar şöbəsinin müdiri vəzifələrində çalışıb.

O, 2002-ci ildən bugünədək Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində vitse-prezidentin köməkçisi vəzifəsində çalışıb. AMEA-dakı 20 illik əmək fəaliyyəti ərzində humanitar və ictimai yönümlü tədqiqat müəssisələrinin koordinasiyası, qurumlar arasındakı elmi və elmi-təşkilati işlərin yüksək səviyyədə həyata keçirilməsində yaxından iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: