Tarixi Azərbaycan torpaqlarında özünə dövlət quran şovinist erməni etnosu son iki yüz il ərzində coğrafi adları dəyişməklə bərabər, həm də bu ərazilərdə azərbaycanlıların min il öncə yaşadığını təsdiqləyən tarixi faktları məhv edib. Bölgədə aparılan etnik təmizlənmə, eyni zamanda, tarixi dəyişmə kimi vandalizmlə müşahidə olunub.
Erməni faşizminin zəngin mədəni irsimizə qarşı bu gün də davam edən terror siyasəti, hər cür vəhşiliyi, siyasi, etnik və tarixi-mədəni terror fəaliyyəti qarşılığında Azərbaycan özünün sülhpərvər və düşmənçilikdən uzaq niyyətini nümayiş etdirib, bunu real əməldə ortaya qoyub. Məsələn, paytaxt Bakıda erməni kilsəsinin qorunması, Azərbaycan qanunlarına tabe olan ermənilərin bərabərhüquqlu vətəndaş kimi ölkəmizdə yaşamaları buna əyani sübut olaraq daim diqqət çəkib.
Bu sözləri AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.
Təəssüf ki, ermənilərin yürütdüyü siyasətin ana xəttini təşkil edən tarixi saxtalaşdırma və tarixin məhv edilməsi beynəlxalq ictimaiyyətin susqunluğu ilə müşahidə olunub. İşğal olunmuş ərazilərdə törədilən vandal əməllər, azərbaycanlıların qəbirlərinin belə dağıdılması bütün dünyaya əyani faktlarla sübut edilib.
“Hazırda daha bir erməni barbarlığının şahidi oluruq. Azərbaycan xanı tərəfindən salınması tarixi faktlarla təsdiq olunan qədim Azərbaycan şəhəri olan İrəvanda soydaşlarımızın yaşadığı Təpəbaşı məhəlləsində sonuncu evlərin, tarixi abidələrin məhv edilməsinə başlanılıb. Ermənilərin bu əməlləri “Əl-Qaidə” terror təşkilatının Yaxın və Orta Şərqdə tarixi abidələri məhv etməsi ilə müqayisə oluna bilər. Özünü demokratik dəyərlər və insan haqları müdafiəçisi kimi dünyaya tanıtmağa cəhd göstərən nüfuzlu beynəlxalq qurumların bu məsələ ilə bağlı susqunluğu isə təəssüf hissi doğurur.
Erməni faşizminin vandal əməlləri “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə aparılan araşdırmanın nəticələrini əks etdirən kitabda da öz ifadəsini tapıb. Yeri gəlmişkən, bu əhatəli tədqiqatda işğalçı ölkənin xalqımızın mədəni irsini dağıtması geniş faktlarla diqqətə çatdırılıb. Araşdırmada qədim İrəvanın hər yerində olduğu kimi, adıçəkilən yaşayış məhəlləsində də soydaşlarımızın hər zaman çoxluq təşkil etdikləri, buna baxmayaraq, tarixin müxtəlif zamanlarında azərbaycanlıların oradan qovulduqları, deportasiya olunduqları, bundan sonra isə həmin coğrafiyada maddi-mədəni irsimizin dağıdılması, Yer üzündən silinməsi bütün təfərrüatı ilə diqqətə çatdırılıb. Araşdırmaya əsasən, Təpəbaşı qədim İrəvan şəhərinin üç hissəsindən biridir. Hazırda şəhərin tarixi hissəsində yeganə tarixi şəhər strukturu məhz bu yerdə qalmaqdadır”.
Emin Bağırovun sözlərinə görə, XVII əsrin yadigarı sayılan bu məhəllədə uzun zaman miqyas, coğrafi mövqe, etno-dini kimlik və demoqrafik vəziyyət kəskin şəkildə dəyişib. Lakin ərazinin şəhər strukturu qismən XVIII və XIX əsrlərdən günümüzə qədər olduğu kimi gəlib çatıb. Araşdırma müəllifi Səbuhi Hüseynov apardığı tədqiqata əsasən Təpəbaşını İrəvan tarixinin nüvəsi adlandırıb. O, eyni zamanda, şəhərin bu hissəsinin vahid tarixi-şəhərsalma mühiti kimi diqqət çəkdiyini, qədim İrəvanın yaranması, inkişafı və erməniləşdirilməsinə qədər olan uzun bir dövrün yeganə şahidi olduğunu bildirib.
Aparılan tədqiqata görə, tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsinin izləri bu gün erməni faşizmi tərəfindən tamamilə silinmək üzrədir. Belə ki, Ermənistan rəhbərliyi tərəfindən bu tarixi yaşayış sahəsi dağıdılaraq, yerində müasir yaşayış binalarının inşası planlaşdırılır. Eyni zamanda, tarixi məhəllə ilə bağlı arxiv sənədləri, həmçinin müəyyən məlumatlar da məhv edilir.
E.Bağırov əlavə edib ki, Təpəbaşı məhəlləsində sonradan məskunlaşan erməni əhalisinin bir qismi bu məqsədlə artıq 2019-cu ildə Paronyan küçəsi 42 ünvanında yeni inşa edilən çoxmənzilli binadan mənzil almaq üçün müqavilə bağlayaraq evlərinin dağıdılmasına razılıq verib. Beləliklə, işğalçı ölkə bu barbar əməllə İrəvanın əsas sakinləri olan azərbaycanlıların tarixi kodunu məhv etmək qərarına gəlib.
Emin Bağırov sonda qeyd edib ki, İrəvanda təkcə soydaşlarımıza məxsus Təpəbaşı yaşayış sahəsi deyil, digər maddi-mədəni nümunələr də 30 il işğal altında olan ərazilərimizdə olduğu kimi vandalizmə məruz qalıb. Xalqımıza aid minlərlə abidə və yaşayış məskənləri dağıdılaraq viran edilib. Konkret olaraq İrəvan şəhərində İrəvan qalası, Xan sarayı, Abbas Mirzə, Zal xan, Dəmirbulaq, Sərtip xan, Hacı Novruzəli bəy, Hacı Cəfər məscidləri, Qantar (bazarı) karvansarası, Hacı bəyim, Hacı Əli, Axund Şeyxülislam hamamları və çoxsayda digər dini və tarixi abidələri Yer üzündən silinib. Hacı İmamverdi və Göy məscidləri isə fars məscidi adlandırılıb. XVII əsrə aid olan Hacı İmamverdi məscidi bu gün tamamilə dağılmaq təhlükəsi ilə üzləşib.