Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

17.07.2022 14:05
  • A-
  • A
  • A+

Qaraçinar qədim yaşayış yerində beynəlxalq arxeoloji tədqiqatlar davam etdirilir

Qaraçinar qədim yaşayış yerində beynəlxalq arxeoloji tədqiqatlar davam etdirilir

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov rəhbərlik etdiyi elmi müəssisə ilə Fransa Milli Elmi Araşdırmalar Mərkəzi (CNRS) arasında elmi tədqiqatların aparılmasına dair bağlanmış anlaşma memorandumuna əsasən, Goranboy rayonunun Qaraçinar kəndi ərazisində fəaliyyət göstərən beynəlxalq tərkibli arxeoloji ekspedisiyanın apardığı qazıntı işləri ilə tanış olub.

Arxeoloji abidə Qaraçinar kəndi ərazisində, 40°26'43.4"N 46°37'51.7"E koordinatlarında, təbii təpə üzərində yerləşir. Beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində Azərbaycan alimləri ilə yanaşı, Fransa və İtaliyanın bir neçə elmi mərkəzindən olan mütəxəssislər iştirak edir.

Tarix üzrə fəlsəfə doktorları Bəxtiyar Cəlilov, Müzəffər Hüseynov və Fransa tərəfi təmsil edən italiyalı mütəxəssis, Dr. Culio Palumbinin rəhbərlik etdiyi beynəlxalq arxeoloji ekspedisiyanın apardığı qazıntıların ilkin nəticələrinə görə, Qaraçinar abidəsi Eneolit, İlk Tunc, Antik və Orta əsrlər dövrlərini əhatə etməkdədir. Əldə edilən maddi mədəniyyət nümunələri və mədəni təbəqə yatımının xüsusiyyətlərinə əsasən, abidənin əsas hissəsi Erkən Tunc dövrünə aid edilir. Arxeoloji qazıntılar zamanı abidənin İlk Tunc dövrü, Kür-Araz mədəniyyəti təbəqəsindən zəngin maddi-mədəniyyət nümunələri ilə yanaşı, çiy kərpicdən dairəvi formada inşa olunan tikili qalıqları da aşkar edilib. İlkin tədqiqatlar göstərir ki, Qaraçinar qədim yaşayış yeri Kür-Araz mədəni təbəqəsinin qalınlığı baxımından Cənubi Qafqaz ərazisində qeydə alınan ən böyük abidələrdən biridir.

Qaraçinar qədim yaşayış yerində aparılan arxeoloji qazıntılarda iştirak etmək üçün İtaliyadan dəvət olunmuş topoqraf mütəxəssis tərəfindən abidənin geniş topoplanı və qazıntı sahəsinin 3D görüntüləri hazırlanıb. Abidədə aparılan tədqiqatlar zamanı müasir elmin tələblərinə uyğun metod və üsullardan istifadə edilib, fotoqrammetrik çəkilişlər aparılıb və beynəlxalq laboratoriyalarda analiz etmək üçün müxtəlif artefaktlardan nümunələr götürülüb.

Arxeoloji qazıntı işləri və maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olan baş direktor arxeoloqlarla fikir mübadiləsi aparıb və onlara işlərində uğurlar arzulayıb.

Abidənin əhəmiyyəti nəzərə alınaraq, burada arxeoloji işlərin gələcək illərdə də davam etdirilməsi qərarlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: