Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.07.2022 16:20
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində qarşıda duran vəzifələr müzakirə olunub

Naxçıvan Bölməsində qarşıda duran vəzifələr müzakirə olunub

AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə və yarım ilin yekunlarına həsr olunmuş iclas keçirilib.

İclasda çıxış edən AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki,  iyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sessiyada 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib, müvafiq tapşırıqlar verib. Sessiyada 21 sentyabr 2021-ci ildə keçirilmiş müşavirədə AMEA-nın Naxçıvan Bölməsinə tapşırılan muxtar respublikanın rayonlarının tarixi və Naxçıvan etnoqrafiyası ilə bağlı kitabların nəşrinin ilin sonuna qədər başa çatdırılması, “Elm festivalına” hazırlıq görülməsi tapşırılıb.

Tapşırıqların icrası məqsədilə yerinə yetirilməli olan mühüm işlərdən danışan akademik daha sonra 2022-ci ilin birinci yarısı üzrə Naxçıvan Bölməsinin elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə edib.

Məruzədə bildirilib ki, 2022-ci ilin birinci yarısında Naxçıvan Bölməsi Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyasının fərman, sərəncam və qərarlarından irəli gələn vəzifələri yerinə yetirməyə çalışıb, 9 Dövlət Proqramının icrası davam etdirilib. Hesabat dövründə tədqiqatlar 6 elmi istiqamətdə, 6 problemi əhatə edən 7 mövzu üzrə 36 iş 91 mərhələdə yerinə yetirilib.

Hesabat dövründə bölmə əməkdaşlarının 8 monoqrafiyası, 5 kitabı, 2 metodik vəsaiti, 223 elmi məqaləsi, 121 konfrans materialı və 1 tezisi olmaqla 360 elmi əsəri çap olunub, 1 xəritə və 1 buklet tərtib edilib. Əsərlərdən 2 monoqrafiya, 41 məqalə və 62 konfrans materialı xaricdə çap olunub. Elmi məqalələrin 44-ü xaricdə olmaqla 194-ü beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb. 34 elmi məqalə impakt faktorlu jurnalda dərc olunub ki, bunlardan 9-u “Clarivate Analytics” indekslidir. Ötən 6 ay ərzində əsərlərə 216 istinad qeyd alınıb, mətbuatda 219 qəzet məqalə dərc olunub.

Diqqətə çatdırılıb ki, ötən il Bölmənin fəaliyyəti ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrası məqsədilə 7 rayonun tarixi, “Naxçıvan tarixinin səhifələrindən”, “Naxçıvan arxeologiyası”, “Naxçıvan uşaq folkloru” əsərləri çapa təqdim edilib, iki cildlik “Naxçıvan etnoqrafiyası” üzərində işlər davam etdirilib, “Naxçıvanın dövlətçilik tarixi”, “Naxçıvan əlyazmalar xəzinəsi”, “Naxçıvan ədəbi mühiti” və “Naxçıvanın xalq deyimləri” kitabları çapa hazırlanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən “Elmi əsərlər” jurnalının Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi nömrəsi çap olunub, Əhməd Cavadın 130 illiyi ilə bağlı növbəti xüsusi nömrə isə çapa hazırlanır. 9 iyul 2021-ci ildə keçirilmiş “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” beynəlxalq konfransının materialları çapa təqdim edilib.

Akademik İsmayıl Hacıyev beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlardan bəhs edərək bildirib ki, cari ilin may ayında Türk Tarix Qurumu ilə əməkdaşlığa dair müqavilə imzalanıb, bölmə əməkdaşları müxtəlif ölkələrdə keçirilən beynəlxalq elmi tədbirlərdə iştirak ediblər.

21 sentyabr 2021-ci ildə keçirilən müşavirədə Bölmənin qarşısına qoyulan vəzifələrə uyğun olaraq gənc alimlərin və tədqiqatçıların hazırlanmasına diqqət yetirilməsi, dissertasiya mövzularının müasir elmin inkişaf istiqamətlərinə uyğun seçilməsi üçün “Fəlsəfə və elmlər doktoru dissertasiya mövzuları” kataloqu çapa hazırlanıb. Əməkdaşlardan 4 doktorant, 2 dissertant Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanında müvəffəq nəticə göstərib. Hazırda Bölmədə 16 elmlər və 23 fəlsəfə doktoru hazırlığı üzrə 39 doktorant və dissertant tədqiqatla məşğuldur. İlin birinci yarısında 3 nəfər elmlər doktoru, 1 nəfər fəlsəfə doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib, 1 nəfər dosent elmi adı alıb.

Elm və təhsilin inteqrasiyası il bağlı görülən işlərdən söz açan akademik Naxçıvan Dövlət Universitetinin AMEA-nın Naxçıvan Bölməsinə hamiliyə verilmiş 10 ixtisası üzrə təhsil alan tələbələrlə aparılan işlərin mahiyyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Sabahın tədqiqatçıları-2022” layihəsi çərçivəsində əldə olunan mühüm nəticələrdən bəhs edib.

Vurğulanıb ki, elmi nailiyyətlərin təhsildə tətbiqi məqsədilə 8 monoqrafiya və kitab dərs vəsaiti kimi tövsiyə olunub. Yarım il ərzində bölmə əməkdaşları muxtar respublika məktəbliləri üçün nümunəvi dərslər tədris edib, 3 əməkdaş interaktiv dərs aparmış, alim və ziyalıların məktəblilərlə görüşləri təşkil edilib.

Təbii sərvətlərin tibbi əhəmiyyətinin araşdırılması, termal və mineral sulardan, Şorsu palçığından, dərman bitkilərindən müxtəlif xəstəliklərin müalicəsində istifadəsi ilə bağlı araşdırmaların əhatəsi genişləndirilib, əhalinin bu istiqamətdə maarifləndirməsi işi davam etdirilib.

Bölmə əməkdaşlarından tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva ABŞ-ın beynəlxalq “Arxeologiya”, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova Azərbaycan Elm Mərkəzinin təsis etdiyi “Təbiət və elm”, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayeva isə “Dil və ədəbiyyat” jurnalının redaksiya heyətinə üzv seçilib, bir neçə tədqiqatçı səmərəli fəaliyyətinə görə diplom və Fəxri fərmanla təltif ediliblər.

Sonda çıxış edən Bölmənin Rəyasət Heyətinin üzvləri akademik Tariyel Talıbov və AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli 2022-ci ilin birinci yarısında Naxçıvan Bölməsində yerinə yetirilən işləri məqbul hesab edib, hesabatla bağlı fikirlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: