Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

05.06.2015 15:32
  • A-
  • A
  • A+

AMEA prezidenti İCARDA və İCRİSAT təşkilatlarının nümayəndələri ilə görüşüb

AMEA prezidenti İCARDA və İCRİSAT təşkilatlarının nümayəndələri ilə görüşüb

AMEA prezidenti, akademik Akif Əlizadə Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) nümayəndə heyətinin rəhbəri, professor Aladdin Hamvieh və Hindistanın Yarım-Quraq Tropiklər üçün Bitki Tədqiqatları İnstitutunun (İCRİSAT) nümayəndə heyətinin rəhbəri, professor Mahendar Thudini qəbul edib.

AMEA Genetik Ehtiyatlar İnstitutunda (GEİ) keçirilən “Bitkilərin yaxşılaşdırılmasında Yeni Nəsil Sekvenserlərinin tətbiqi” mövzusunda bir həftəlik beynəlxalq təlim kursunun təşkili və keçirilməsi məqsədi ilə ölkəmizə səfər edən qonaqları salamlayan akademik Akif Əlizadə Azərbaycanda elmin ən müasir sahələrinin inkişafına, multidissiplinar tədqiqatlara, gənc alimlərin yetişdirilməsinə göstərilən xüsusi diqqətdən danışıb.

Professor Aladdin Hamvieh səmimi qəbula görə AMEA rəhbərinə təşəkkürünü bildirib.  Bakıya ikinci dəfə səfər etdiyini deyən qonaq ilk dəfə 2011-ci ildə müasir molekulyar metodlar üzrə Genetik Ehtiyatlar İnstitutunda təşkil edilmiş təlim kursunun rəhbəri kimi paytaxtımıza gəldiyini bildirib. O, son 3 il ərzində institutda, həm də Bakıda olan yenilikləri, elmin inkişafını, gənc kadrların hazırlıq səviyyəsini yüksək dəyərləndirib. Həmçinin, ötən seminardan sonra GEİ-də öyrənilən metodikalardan istifadə etməklə nüfuzlu beynəlxalq jurnallarda 30-dan çox məqalənin nəşr edildiyinin müsbət hadisə olduğunu əlavə edib.

Professor Mahendar Thudi isə İCRİSAT-ın Genomika Mərkəzinin müvafiq sahələrdə beynəlxalq miqyasda tanınmış ən güclü tədqiqat və təlim mərkəzlərindən olduğunu, burada azərbaycanlı gənc dissertant və magistrlərin hazırlanmasına köməklik etməyə hazır olduqlarını vurğulayıb.

Görüşdə iştirak edən Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov yuxarıda qeyd edilən beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində institutun Genomika laboratoriyasının regional mərkəzə çevirilməsi təklifini irəli sürüb. Akademik Akif Əlizadə bu ideyanı yüksək qiymətləndirib və laboratoriyanın daha da inkişaf etdirilməsi, beynəlxalq mərkəzlərin tanınmış alimlərinin bu laboratoriyada uzunmüddətli işləməsi üçün şərait yaradılması istiqamətində tapşırıqlarını verib.

Əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev,  AMEA Rəyasət Heyəti Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev, eləcə də Genetik Ehtiyatlar İnstitutunun nümayəndələri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: