AMEA prezidenti, akademik Akif Əlizadə “Nature Publishing Group”un (NPG) Orta Şərq ölkələri üzrə rəhbəri Con Giuliani və qurumun satış təmsilçisi Elizabet Detisova ilə görüşüb. AMEA-nın rəhbəri qonaqlara akademiyanın tarixi, fəaliyyət istiqamətləri, əldə etdiyi nailiyyətlər barədə məlumat verib.
Gələcək əməkdaşlığın perspektivlərindən danışan akademik A.Əlizadə NPG-nin istehsalı olan məhsulların və ən son elmi nailiyyətlərə dair nəşrlərin alimlərimiz üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Qonaqlar səmimi görüşə görə təşəkkürlərini bildirib, NPG-nin tarixi və bugünkü fəaliyyəti barədə AMEA-nın rəhbərinə məlumat veriblər. Qeyd edilib ki, 1869-cu ildə yaradılan şirkətin dünyanın ən reytinqli jurnallarından olan “Nature”, “Scientific American” və başqa bu kimi populyar nəşrləri var. Təkcə “Nature” jurnalının veb səhifəsini ayda 6 milyon istifadəçi ziyarət edir. C.Giuliani və E.Detisova şirkətin əsas məhsulları, onların məzmun və əhəmiyyətindən danışıblar.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyevin də işdirak etdiyi görüşdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub.
Nümayəndə heyəti AMEA-nın rəhbərini bu ilin oktyabrında Böyük Britaniyaya səfərə dəvət edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir