Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

02.08.2022 12:18
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun alimləri “iGeo Azerbaijan Team” komandasının üzvləri ilə görüşüblər

Coğrafiya İnstitutunun alimləri “iGeo Azerbaijan Team” komandasının üzvləri ilə görüşüblər

Coğrafiya İnstitutunda elmlə təhsilin inteqrasiyası prosesinə uyğun olaraq məktəblilər arasında coğrafiya fənnindən olimpiadaya hazırlıq qrupunun üzvləri ilə alimlərin görüşü keçirilib.

Coğrafiyaçı alimlər sözügedən institutda aparılan elmi tədqiqat işləri, əldə edilən mühüm nəticələr, eləcə də ölkə coğrafiyanın müasir vəziyyəti, Azərbaycanın coğrafi mövqeyi və  perspektivləri, coğrafiya fənninin tədrisi barədə “iGeo Azerbaijan Team” komandasının üzvlərini tanış ediblər.

İnstitutun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani Coğrafiya İnstitutu ilə Azərbaycan Coğrafiya Cəmiyyətinin “iGeo Azerbaijan Team” komandası üzvlərinə həmişə dəstək olduqlarını, şagirdlərin beynəlxalq olimpiadalarda iştirakına böyük önəm verdiklərini diqqətə çatdırıb.

Qrup üzvləri öz növbəsində olimpiadaya hazırlıq üzrə müsabiqənin strukturu və mövzular, coğrafiyadan istedadlı şagirdlərin müəyyən edilməsi, onların yetişdirilməsi və beynəlxalq müsabiqələrə hazırlanmasında layihənin danılmaz rolu, hazırlıq mərhələsinin gedişatı və s. barədə iştirakçılara geniş məlumat veriblər.

Ölkə üzrə Beynəlxalq Coğrafiya müsabiqələrinə komanda hazırlığının təşkilatçısı, “Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (iGeo və eGeo) hazırlığı - III modul” layihəsinin rəhbəri, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin dörd il dalbadal qalibi, Bakı şəhəri Nəsimi rayonu general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin, Fortis Acedemynin və Müasir İnnovasiyalar Liseyinin coğrafiya müəllimi Yaşar Seyidəliyev çıxış edib. O, coğrafiya fənnindən ən mötəbər müsabiqə hesab edilən olimpiadaya oktyabr ayında keçiriləcək hazırlıq dərslərinə qatılmaq istəyənlər üçün qoyulan şərtlər barədə danışıb, indiyədək eGeo-dan üç bürünc medal əldə edən qrant müsabiqəsinin qaliblərinin Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Bayram Mustafalı, Bakı şəhər 309 nömrəli tam orta məktəbinin şagirdi Hüseyn Hüseynli və Tərtər rayon Mamırlı kənd şagirdi Murad Qarayevin adını çəkib, onların iGeo-da hazırlıq keçdiklərini qeyd edib.

Y.Seyidəliyev şagirdlərin Beynəlxalq tədbirə hazırlığında coğrafiyaçı alimlər Zakir Eminov, Zaur İmrani, Qabil Səmədov, Şəkər Məmmədova, Nərminə Seyfullayeva, Elnur Səfərov, Mahir Sərkərli və digərlərinin xüsusi rol oynadıqlarını diqqətə çatdırıb.

Layihə rəhbəri çıxışının sonunda göstərdiyi dəstəyə görə Coğrafiya İnstitutu və Respublika Coğrafiya Cəmiyyətinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: