Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.08.2022 11:14
  • A-
  • A
  • A+

Təbiət ərazilərinin turizm potensialının öyrənilməsi istiqamətində monitorinq aparılıb

Təbiət ərazilərinin turizm potensialının öyrənilməsi istiqamətində monitorinq aparılıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin illik iş planına müvafiq olaraq, şöbənin əməkdaşları tərəfindən Şəki rayonunun Baş Kəldək kəndi ətrafındakı təbiət ərazilərinin turizm potensialının öyrənilməsi istiqamətində monitorinq aparılıb.

Monitorinq barədə məlumat verən Regional Elmi Mərkəzin Ekoloji coğrafiya şöbəsinin müdiri Yusif Rəhimov bildirib ki, Azərbaycanda turizm sənayesi qeyri-neft sektorunun prioritet sahələrindən olub və hazırda özünün inkişaf dövrünü yaşayır. Bu məqsədlə dövlət səviyyəsində çoxsaylı tədbirlər həyata keçirilir.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əsas strateji hədəf və prioritetlər sırasında regional turizm növlərinin inkişaf etdirilməsi, xüsusən də kənd yaşıl turizminin, ekoturizmin, aqrar turizmin, mədəni turizmin və turizmin digər növlərinin inkişafı, yeni turizm rekreasiya zonalarının yaradılması və onların fəaliyyətinin turizm klasterlərin uyğunlaşdırılması nəzərdə tutulub. Yusif Rəhimov hazırda bu istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyini deyib.

Şöbə müdiri bildirib ki, monitorinqin nəticəsinə görə Şəki rayonunda aqroturizm, ekoturizm, kənd turizmi və sair kimi çoxşaxəli aktiv turizm sahələrinin potensialının mövcudluğu, bu potensialdan səmərəli istifadə edilməklə, yeni perspektiv layihələrin həyata keçirilməsi üçün geniş imkanların olduğu müəyyən edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: