Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

19.08.2022 17:40
  • A-
  • A
  • A+

Professor Çingiz Əliyev: “AMEA-nın bir sıra institut və təşkilatlarının Elm və Təhsil Nazirliyinə verilməsi vaxtında verilmiş bir qərardır”

Professor Çingiz Əliyev: “AMEA-nın bir sıra institut və təşkilatlarının Elm və Təhsil Nazirliyinə verilməsi vaxtında verilmiş bir qərardır”

Avqustun 21-də görkəmli geofizik alim, Polşa Beynəlxalq Radon Mərkəzinin üzvü, “Tərəqqi” medallı, AMEA-nın müxbir üzvü Çingiz Əliyevin 75 yaşı tamam olur.

Professor Çingiz Əliyev 206 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 2 dərsliyin müəllifidir. Alimin rəhbərliyi altında 4 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur. O, çoxsaylı beynəlxalq konfrans, simpozium və konqreslərdə elmimizi uğurla təmsil etmiş, 33-dən çox beynəlxalq (CRDF, STSU, SNCF) və respublika (EİF, ARDNŞ-in Elm Fondu) elmi qrant layihələrinin rəhbəri və iştirakçısı olmuşdur.

Professor Çingiz Əliyev ilk dəfə olaraq Azərbaycanda tibbi geologiya problemlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparmışdır. Onun Azərbaycan ərazisi üçün “Radonun həcmi aktivliyinin paylanma xəritəsi”nin tərtib edilməsi sahəsindəki xidmətləri xüsusi qeyd edilməlidir.

Alimin xidmətləri dövlət və ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, “Tərəqqi” medalı, AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

- Çingiz müəllim ilk olaraq Sizi 75 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, elmi fəaliyyətinizdə yeni uğurlar arzu edirik! İstərdik əvvəlcə elmi fəaliyyətinizin əsas istiqamətləri, elmdə qazandığınız uğurlar barədə məlumat verəsiniz. 

- 1965-ci ildə orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinə daxil oldum və 1970-ci ildə ali məktəbi “dağ geofizik mühəndisi” ixtisası üzrə bitirdim. Həmin il təyinatla Geofizika İntitutunda işə başladım, 1975-ci ilə kimi bu institutda fəaliyyətimi davam etdirdim, daha sonra isə Geologiya İnstitutunda işə başladım.

Radioaktivlik, radioaktiv sahələrin geoloji quruluşla əlaqəsinin öyrənilməsi, neft-qazlı ərazilərin radiometriyası və neft-qaz yataqlarının birbaşa radiometrik üsulla axtarışı, dərin qırılmaların aktivliyinin qiymətləndirilməsi, tibbi geologiya və əhalinin radon təhlükəsizliyi elmi fəaliyyətimin əsas istiqamətlərini təşkil edir.

Əldə etdiyim əsas elmi nəticələr sırasında Azərbaycanın depressiya zonalarının təbii radioaktivlik xəritələrinin tərtib edilməsi, aktiv fəaliyyətdə olan tektonik strukturların ayrılması, karbohidrogen yataqlarının aşkar olunmasının elmi əsaslarının işlənilməsi, neft yataqları üzərində radioaktiv sahələrin formalaşma modelinin tərtib edilməsi, palçıq vulkanlarının radioaktiv sahələrinin öyrənilməsi və real zaman miqyasında monitorinq sisteminin yaradılması, eləcə də metan qazının axınının öyrənilməsi və işğal olmuş ərazilərdə radioekoloji tədqiqatlar dayanır. Həmçinin yeni elmi istiqamət olan radiostratiqrafiyanın yaradıcılarından biri kimi bu sahədə çox mühüm nəticələr əldə etmişik. Belə ki, Azərbaycanın mezokaynozoy kəsilişi üçün tərtib etdiyimiz süxurların təbii radiasiya fonu şkalası geoloji sərhədlərin müəyyən edilməsində əhəmiyyətli rol oynamışdır. Qeyd olunanlarla yanaşı, Böyük Qafqazın Azərbaycan hissəsinin seysmoaktiv zonalarında radiomonitorinqin metodik əsasları və tektonik pozulma zonalarının, onların aktivliyinin təyin edilməsi məqsədi ilə rasional radiometrik və geofiziki üsullar kompleksinin seçilmə meyarlarını hazırlamışam.

Həmçinin Abşeron yarımadasında neft-qaz mədənlərinin isitismarı nəticəsində yaranmış radioekoloji vəziyyətin öyrənilməsi mənim elmi istiqamətlərimdən birini təşkil etmişdir. Abşeron yarımadasında neft mədənlərinin uzun müddətli istismarı burada radioekoloji problemlərin kəskin xarakter almasına gətirib çıxarmışdır. Belə ki, neftin Yer səthinə yüksək mineralizasiyalı radioaktiv sular ilə birlikdə çıxması və bu suların neftdən ayrıldıqdan sonra ətraf mühitə axıdılması Abşeron yarımadasının mərkəzi hissələri olan Suraxanı, Qala, Binəqədi, Bibiheybət, Balaxanı, Qum adasında və s. bir çox fəsadlar törədirdi. Bununla yanaşı, 2012-ci ilə qədər Abşeron yarımadasında 2 yod zavodu fəaliyyət göstərirdi ki, bu da ekoloji vəziyyətə mənfi təsir göstərən amillərdən idi. Qeyd edim ki, hazırda bu yod zavodları təmizlənib.

- Qeyd etdiyiniz kimi, Yer qabığı radioaktivliyinin məkan-zaman qanunauyğunluqlarının, radioaktiv sahələrin geoloji quruluşla əlaqəsinin öyrənilməsi, neft-qazlı ərazilərin radiometriyası, ekoloji və tibbi geologiya problemlərinin tədqiqi ilə məşğul olursunuz. Bir qədər də geofizika elminə olan böyük marağın səbəbləri, qaynaqlandığı mənbə barədə bəhs edərdiniz.

- XX əsrin ən böyük texnogen faciəsi Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan sonra SSRİ höküməti müttəfiq respublikaların paytaxtları, o cümlədən Bakının radioekoloji vəziyyətinin öyrənilməsinə dair göstəriş vermiş, monitorinqlər aparılmışdır. Tədqiqatlar nəticəsində Bakıda, o cümlədən onun ətrafında insan sağlamlığına mənfi təsir göstərən çoxlu sayda mənbələrin olduğu aşkar edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə işlərə başladıq və 1992-ci ildə Abşeron yarımadası üçün təbii radioaktivlik xəritəsinin ilkin versiyasını tərtib etdik.

Bununla yanaşı, elmi tədqiqatlarımı da davam etdirirdim. 1994-cü ildə yerin radiaktiv sahələrinə dair doktorluq dissertasiyamı müdafiə etmişəm.

Radioaktiv sahələrin tədqiqi olduqca maraqlı istiqamətlərdəndir, çünki onu tədqiq etdikdə Yerin quruluşu, orada yerləşən aktiv qırılmalar, müxtəlif yataqlar haqqında yeni məlumatlar əldə edilir. Bu isə, bizə işlərimizi davam etdirməkdə kömək edirdi. Bu dövrdə  mənim tərəfimdən “Azərbaycanın dağ süxurlarının təbii radioaktivliyi”, “Abşeron yarımadasının dağ süxurlarının təbii radioaktivliyi” xəritələri tərtib olunmuşdur. 

Bu işlərin davamı kimi radon qazının insan orqanizminə təsirini öyrənməyə çalışırdıq, lakin bu istiqamətdə çətinliklərimiz mövcud idi. Daha sonra İsveçrə Elm Fondunun dəstəklədiyi qrant layihə çərçivəsində Azərbaycan ərazisində 2500 detektor payladıq və nəticədə ölkənin müxtəlif ərazilərində radon qazının qatılığını göstərən xəritə hazırladıq. “Azərbaycanın dağ süxurlarının təbii radioaktivliyi”, “Abşeron yarımadasının dağ süxurlarının təbii radioaktivliyi”, “Azərbaycan ərazisində radonun həcminə görə aktivliyinin paylanması” və “Abşeron yarımadasında radonun həcminə görə aktivliyinin paylanması”  xəritələri 2014-cü ildə nəşr olunmuş Azərbaycan Respublikasının Milli Atlasına daxil edilmişdir.

Radonla bağlı bir çox inkişaf etmiş ölkələrdə tədbirlərdə iştirak etmişik, həmin ölkələrdə bu məsələyə ən aktual problemlərdən biri kimi baxılır. Statistik məlumatlara əsasən, radon qazı ağciyərlərin bədxassəli törəmələrinin əmələ gəlməsində siqaretçəkmədən sonra ikinci əsas risk faktoru sayılır.

Qeyd olunanlarla yanaşı, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin əməkdaşları ilə birlikdə həyata keçirilən “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”nın rəhbəri olmuşam.

- Ölkəmizdə ilk dəfə olaraq Azərbaycanda tibbi geologiya problemlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparmısınız. Bu istiqamətdə əldə etdiyiniz elmi yeniliklər hansılardır?

- Azərbaycanda yeni bir istiqamət olan tibbi geologiya əsas geoloji faktorların insan sağlamlığına təsirini öyrənən elm sahəsidir. Əsas geoloji faktorlar dedikdə su mənbələri, aktiv qırılmalar, müxtəlif geofiziki sahələr, mineral yataqlar və s. nəzərdə tutulur. Hal-hazırda bu istiqamətdə genişmiqyaslı tədqiqatların aparılması davam etdirilir. Bununla yanaşı, geopatogen zonalar istiqamətində də araşdırmalar davam etdirilir. Bu istiqamət üzrə aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq Azərbaycan ərazisi üçün “Radonun həcmi aktivliyinin paylanma xəritəsi” tərtib edilmişdir və bu xəritə Avropanın radon xəritəsinə daxil edilmişdir.

Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu baxımdan elmi müəssisə və təşkilatların, alim və mütəxəssislərin üzərinə xüsusi məsuliyyət düşür.

Hazırda bir sıra institutlar tərəfindən işğaldan azad olunmuş ərazilərdə elmi tədqiqatlar aparılmaqdadır. Bu yaxınlarda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərə təşkil olunan ekspedisiyalarda biz də yaxından iştirak etmişik.

Ekspedisiya zamanı işğaldan azad olunmuş 5 rayonun ərazisində tədqiqatlar apardıq, Kəlbəcərdə radiaktivliyin yüksək olduğu bəzi nöqtələri aşkarladıq. Tədqiqatlarımızın həmin ərazinin minalar təmizlənməsindən sonra davam etdirilməsi nəzərdə tutulur.

- Çingiz müəllim, məlum olduğu kimi, bu günlərdə Qaradağ rayonu ərazisində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib. Bu palçıq vulkanı dünyada 5 ən aktiv palçıq vulkanından biri hesab olunur. Palçıq vulkanlarının radioaktiv sahələrinin öyrənilməsi ilə məşğul olan bir alim kimi bu barədə nə deyə bilərsiniz? Bu kimi vulkanların mütəmadi olaraq püskürməsi ölkəmiz üçün hər hansı təhlükə törədə bilərmi?

- Palçıq vulkanizmi problemi geologiya elminin mühüm istiqamətlərindən birini təşkil edir. Hazırda ən aktiv, tez-tez püskürən vulkanlar Abşeron yarımadasında – Lökbatan, Keyrəki, Otmanbozdağ, Bozdağ-Güzdək və s. vulkanlarıdır.

Lökbatan palçıq vulkanı da tez-tez püskürən vulkanlar sırasındadır. Bəzi vulkanlar kəndlərə yaxın ərazilərdə yerləşir, bu isə vulkanların aktivləşməsi zamanı həmin ərazidə yerləşən evlərdə yaşayan əhali üçün müəyyən təhlükələr yarada bilər.

Bundan başqa, vulkanlar vasitəsilə Yer səthinə çıxan müxtəlif qazlar da yaxın ərazilərdə məskunlaşan insanların sağlamlığına mənfi təsir göstərən amillərdəndir. Vulkan püskürəndə Yer səthinə müxtəlif qazlar da çıxır. Sözsüz ki, bu istiqamətdə daha dərin tədqiqatların aparılmasına, statistik məlumatların əldə olunmasına böyük ehtiyac var. 

Palçıq vulkanlarının fəaliyyətinin seysmikliklə əlaqəsi də elmə məlumdur. Belə ki, güclü zəlzələlər vulkanları püskürməyə "vadar edir" və bu fikir çoxsaylı faktlarla əsaslanır. Elmi baxımdan hər iki təbii hadisə yer qabığında toplanan tektonik gərginliyin təzahürüdür. Azərbaycanda vulkan püskürmələrinin zəlzələlərlə əlaqəsinə dair alman alimlərlə birgə tədqiqatlar aparmışıq. Bununla bağlı xarici ölkələrin nüfuzlu jurnallarında məqalələr də dərc olunub.

Vulkan palçığının çox yaxşı müalicəvi əhəmiyyəti olduğunu da qeyd etmək lazımdır. Bu palçıqdan bir çox xəstəliklərin - dəri, dayaq-hərəkət aparatı xəstəliklərinin müalicəsi zamanı, kosmetologiyada və sair sahələrdə geniş istifadə olunur.

- Bildiyiniz kimi, bu yaxınlarda ölkə Prezidentinin müvafiq Fərmanı ilə Elm və Təhsil Nazirliyi yaradıldı, AMEA-nın bir sıra institut və təşkilatlarının da yeni yaradılmış nazirliyin nəzdinə daxil edilməsi ilə bu elmi müəssisələrin elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə verildi. Sizin fikrinizcə, bu yenilik Azərbaycan elminin gələcəyinə, elmi prioritetlərin müəyyənləşdirilməsinə nə kimi təsir göstərəcək? 

- Hesab edirəm ki, elm və təhsil müəssisələrinin birləşdirilməsi, AMEA-nın bir sıra institut və təşkilatlarının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi vaxtında verilmiş bir qərardır və koordinasiyada yeni yanaşmaların tətbiqini nəzərdə tutur.  Düşünürəm ki, bu addım elmi fəaliyyət sahəsində struktur islahatlarının aparılması, elm və təhsili vahid sistemdə birləşdirən dövlət tənzimlənməsinin həyata keçirilməsi, elmi istiqamətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, kadr təminatı və s. sahələrdə uğurlu nəticələrin əldə olunmasına səbəb olacaq.

Fəaliyyət göstərdiyim Geologiya və Geofizika İnstitutu hər zaman təhsil müəssisələri ilə, xüsusən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə sıx əməkdaşlıq əlaqəsində olub. Bu müəssisələrlə institutumuzun birgə baza kafedraları yaradılıb, əməkdaşlarımız orada tədrislə məşğul olurlar, tələbələr isə bizim institutda təcrübə keçirlər. Dövlət başçısının müvafiq Fərmanından sonra isə bu əlaqələrin daha da genişlənəcəyinə, yeni uğurların əldə olunacağına inanıram.

Qeyd edim ki, 1994-cü ildən Azərbaycan  Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətlə də məşğul oluram, bu ali təhsil ocağının Geofizika kafedrasının professoruyam. 

- Ölkəmizdə geofizika sahəsində gənc kadrların yetişdirilməsində yaxından iştirak edirsiniz. Bu sahədə yeni fəaliyyətə başlamış gənclərə nə kimi tövsiyələr verərdiniz?

- Hər bir sahə üzrə fəaliyyət göstərən alimlərin qazandığı təcrübənin, sahib olduğu biliklərin gənc nəsillərə ötürülməsi vacib məsələlərdən biridir. Bugünədək rəhbərliyim ilə 4 fəlsəfə doktoru hazırlanmışdır. Rəhbərlik etdiyim sonuncu dissertasiya işi tibbi geologiya istiqamətini əhatə edir və “Radon sahəsinin formalaşma xüsusiyyətləri və onun mümkün patogen təsiri (Azərbaycan ərazisi timsalında)” mövzusunda müdafiə olunub.

Düşünürəm ki, Elm və Təhsil Nazirliyinin yaradılması gənc kadrların işə cəlb olunmasına da öz müsbət təsirini göstərəcək, gənc kadrların fəaliyyətinin stimullaşdırılmasına imkan verəcək. Bu isə, öz növbəsində gənclərin elmə olan marağının artmasına səbəb olacaq.

Gənc tədqiqatçılara tövsiyə edərdim ki, öz sahəsində uğur qazanmaq, elmi biliklərini təkmilləşdirmək üçün xarici dillərin öyrənilməsinə də diqqət ayırsınlar. Çünki əlavə dil bilikləri nüfuzlu bazalara çıxışa, yeni elmi biliklər əldə etməyə imkan yaradan əsas amillərdəndir.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: