Payızlıq Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Proqram (IWWIP) çərçivəsində Azərbaycan və Gürcüstanda keçirilən Səyahət Seminarının iştirakçıları AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olublar.
Beynəlxalq Seminar Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Türkiyə Respublikası Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi, Buğda və Qarğıdalının Seleksiyası üzrə Beynəlxalq Mərkəz (CIMMYT), Quraq Ərazilərdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi (ICARDA), AR Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutu, Gürcüstan Milli Tədqiqat Mərkəzi və AMEA GEİ-nin təşkilatçılığı ilə həyata keçirilib.
Seminarda 11 ölkədən (Azərbaycan, Əfqanıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Litva, Rusiya, Türkiyə, Ukrayna, Özbəkistan) 52 tədqiqatçı iştirak edib.
Səyahət seminarının proqramına uyğun olaraq, qonaq alimlər GEİ-də təşkil edilən elmi müzakirələrdə iştirak edib, burada aparılan elmi tədqiqat və tarla-təcrübə işləri ilə tanış olublar. Birgə toplantıda GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov qonaqları salamlayıb və institut haqqında geniş təqdimatla çıxış edib. Z.Əkpərov GEİ ilə CİMMYT və İCARDA arasında qurulmuş əməkdaşlıqdan razı olduğunu bildirib və bu təşkilatlardan alınmış materiallardan seleksiyada uğurla istifadə olunduğunu qeyd edib.
IWWIP-in direktoru professor Aleksey Morqunov iştirakçılar adından AMEA-nın müxbir üzvü Zeynal Əkpərova təşəkkür edib və birgə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb. Qeyd edib ki, hazırda CİMMYT və İCARDA ilə GEİ arasında qarşılıqlı razılaşma əsasında 6 nəfər doktorant buğda bitkisi üzərində beynəlxalq standartlara uyğun və ən müasir üsullardan istifadə etməklə tədqiqat işi aparır.
Tədbirdən sonrakı müzakirələrdə GEİ-nin elmi işlər üzrə direktor müavinləri, professor Naib Əminov və biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov, Dənli taxıl və paxlalı bitkilər şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Xanbala Rüstəmov, Texnologiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov, o cümlədən İCARDA və CİMMYT-lə birgə tədqiqat işi aparan doktorantlar GEİ-nin Abşeron bazasında qoyulmuş təcrübələr haqqında qonaqlara ətraflı məlumat verib və sualları cavablandırıblar.
Tədbirdə birgə əməkdaşlığın gücləndirilməsi, kolleksiya və seleksiya materiallarının mübadiləsinin həyata keçirilməsi və birgə kadr hazırlığı məsələləri ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir