Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.09.2022 15:17
  • A-
  • A
  • A+

Mədəniyyət naziri Anar Kərimov Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib

Mədəniyyət naziri Anar Kərimov Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib

“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanının 5-ci bəndinə əsasən, AMEA Hüseyn Cavidin Ev Muzeyinin AR Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülən zəruri tədbirlər çərçivəsində AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, nazir Anar Kərimov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin aparatının Muzey, qalereya və sərgilər şöbəsinin rəhbər heyəti Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər.

Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı nazirliyin nümayəndələrini muzeyin tarixi, eləcə də görkəmli şairin həyat və yaradıcılığını əks etdirən ekspozisiyası ilə tanış edib. O, məhz yaşadığı evdə Hüseyn Cavidin Ev Muzeyinin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. G.Babaxanlı muzeyin fəaliyyət göstərdiyi illər ərzində Hüseyn Cavid yaradıcılığının təbliği məqsədilə həyata keçirilən tədbirlər və nəşrlər barədə ətraflı məlumat verib.

Anar Kərimov öz ürək sözlərini və muzey haqqında təəssüratlarını Hüseyn Cavidin Ev Muzeyinin rəy kitabına qeyd edib. Daha sonra nazir görüş çərçivəsində muzeyin iş otaqları, fondu və əməkdaşları ilə tanış olub, muzeyin gələcək fəaliyyətində uğurlar diləyib.

Anar Kərimov çıxışında muzeylərin yalnız Azərbaycan xalqının tarixi və mədəni ənənələrini tədqiq və təşviq etdirən, mədəni inkişaf istiqamətində əməli tədbirlər həyata keçirən, milli mədəniyyətin qorunması, zənginləşdirilməsi və inkişafında xidmətlər göstərən müəssisə kimi deyil, həmçinin elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətinin davam etdirilməsinin zəruriliyindən bəhs edib. Nazir Azərbaycan dövlətinin daim xalqın maddi-mənəvi və milli dəyərlərinin qorunub saxlanılmasına, inkişafına xidmət edən strateji siyasi kursa üstünlük verdiyi üçün cənab Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq muzeylərlə bağlı bir sıra Fərman və sərəncamların imzalandığını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: