Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.09.2022 16:21
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Bakı şəhərinin daşnak-bolşevik işğalından azad olunmasının 104 illiyinə həsr edilən tədbir keçirilib

Əlyazmalar İnstitutunda Bakı şəhərinin daşnak-bolşevik işğalından azad olunmasının 104 illiyinə həsr edilən tədbir keçirilib

Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad olunmasından 104 il ötür. Bu münasibətlə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspoziya zalında (ADR-in ilk və son parlament iclasının keçirildiyi zal) Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin nümayəndələri, Elazığ vilayətinin inzibati idarə heyəti üzvləri, elm və mədəniyyət xadimlərinin iştirakı ilə geniş tədbir keçirilib.

Tədbiri Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli açıb və əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirin moderatoru - filologiya elmləri doktoru, professor Asif Rüstəmli sözü tədbir iştirakçılarına verib.

Tədbirdə Elazığ Mədəniyyət və Tanıtma Mərkəzinin direktoru Mehmet Çağlar, sabiq Elazığ Bələdiyyə başçısı, Elazığ vilayətində Azərbaycan parkının və B.Vahabzadə küçəsinin təşəbbüskarı Muammer Muşmal, həyat yoldaşı Canan Muşmal, tarix elmləri doktoru, professor Mustafa Gül, xanımı, Elazığ vilayətinin təhsil sahəsində böyük xidmətləri olmuş Meftune Gül, dövlət sənətçisi Mustafa Turan, sabiq Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Ankara Dövlət Türk Xalq Musiqisi şöbəsinin müdiri, türk sənətçisi, Haran Universitetinin fəxri doktoru Mehmet Özbək, Manas Mədəniyyət Cəmiyyətinin başçısı Şener Bulut, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Tahirə Həsənzadə və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyev çıxış edərək Azərbaycanın haqq savaşında iki ölkə arasındakı dostluq və qardaşlığın təcəssümündən, Azərbaycan və Türkiyə əsgərlərinin Bakını bolşevik-daşnak işğalından azad edərək dövlətimizin tarixinə yazdıqları bu şərəfli gündən bəhs ediblər.

Tədbirdə, həmçinin Elazığ Mədəniyyət və Tanıtma Mərkəzinin və “Manas” nəşriyyat mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanmış, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi layihə əsasında işıq üzü görmüş “Elazığ-Bakü kültür ve sanat faaliyetleri” adlı kitabın təqdimat mərasimi keçirilib.

Kitabda Elazığ və Bakı şəhərlərinin qardaşlığı, 1992-2022-ci illərdə hər iki şəhərdə təşkil olunan mədəni tədbirlər, ölkələrimizin elm və sənət sahələrində qarşılıqlı əməkdaşlığını özündə əks etdirən bir sıra mühüm hadisələr, tarixi faktlar barədə məlumatlar yer alıb. Bundan əlavə, Elazığdan Qarabağda tarix yazan qəhrəmanlarımıza ünvanlanan məktublar, fotoqalereya, görkəmli Azərbaycan şairi Almas İldırımın 100 illik yubileyinə həsr olunmuş tədbir, Əlyazmalar İnstitutunun alimlərinin Elazığ və Harputun ədəbi-mədəni həyatı barədə araşdırmaları və digər bu kimi mövzularda maraqlı məqalələri yer alıb.

Tədbirin sonunda akademik Teymur Kərimliyə Doç., Dr. Ənvər Arasın hazırladığı “Xəzərdən Xəzərə Almas İldırım” kitabı hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: