Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda işıq üzü görüb
22.09.2022 15:48
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda işıq üzü görüb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları akademik Dilqəm Tağıyev, professor Akif Əliyev, aparıcı elmi işçilər Qoşqar Əliyev, Vüsalə Məcidzadə və elmi işçi Sevinc Cavadovanın “Web of Science” beynəlxalq indeksləşmə bazasına daxil olan “Chemistry Africa” jurnalında “Electrodeposition of Sb-Se Thin Films from Organic Electrolyte” adlı məqaləsi dərc olunub.

Tədqiqat işi Sb-Se yarımkeçirici nazik təbəqələrinin elektrokimyəvi çökdürülməsinə və alınan təbəqələrin tərkibinə əsas amillərin təsirinin öyrənilməsinə həsr edilib. Optimal elektrolit tərkibini və elektroliz rejimini seçmək üçün etilenqlikol elektrolitindən çökdürülmüş Sb-Se nazik təbəqələrinin tərkibinə elektroliti təşkil edən komponentlərin qatılığının, temperaturun, cərəyan sıxlığının və s. təsiri öyrənilib.

Təcrübələrin nəticələri göstərib ki, H2SeO3-in qatılığının artması ilə alınan təbəqələrdə sürmənin miqdarı azalır. Elektroliz müddətinin 15 saata qədər artması çökdürülmüş təbəqələrin tərkibinə müsbət təsir göstərir. Cərəyan sıxlığından asılı olaraq, çökdürülmüş təbəqələrin tərkibində sürmənin miqdarı artır və 0,19 mA/sm2 cərəyan sıxlığında yüksək keyfiyyətli təbəqələr əmələ gəlir. Çöküntülərdə sürmə və selenin miqdarı uyğun olaraq 48,8% və 51,2% (stexiometrik tərkib 50,73% Sb və 49,27% Se) təşkil edir. Elektrolitin temperaturunun, cərəyan sıxlığının və SbOCl qatılığının artması nazik təbəqələrin tərkibində sürmənin miqdarının artmasına müsbət təsir göstərir. Sb2Se3 kimyəvi birləşməsinin stexiometrik tərkibə yaxın nazik təbəqələrinin alınması üçün elektrolitin optimal tərkibi və müvafiq elektrokimyəvi çökmə rejimi müəyyən edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: