Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.
MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə şəhid ailə üzvləri, ictimai və elm xadimləri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək xalqımızın qürur qaynağı olan İkinci Qarabağ müharibəsindən danışıb. “Uzun illər ermənilər tərəfindən dinc əhalimiz terrora məruz qalıb, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, 30 ilə yaxın torpaqlarımız işğal altında qalmışdır. Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı həssas diplomatik mübarizə, xalq, rəşadətli Milli Ordu və dövlət birliyi Azərbaycanı öz tarixi torpalarına qovuşdurmağı bacardı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi tariximizə yazıldı”, - deyə baş direktor bildirib.
Baş direktor qeyd edib ki, 44 günlük şərəfli döyüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş əsgər və zabitlərimizə, canlarını fəda etmiş bütün şəhidlərimizə, qazilərimizə dərin ehtiram əlaməti olaraq yaradılan MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu öz fəaliyyətini uğurla davam etdirir. Professor Məmməd Əliyev fondda toplanan məlumat bazası, nəşrlər və elmi işlərin istifadəçilərin, gənc alimlərin yaradıcılığında dəyərli elmi mənbə rolunu oynayacağından əminliyini ifadə edib.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, professor Mais Əmrəhov bu günün önəmini vurğulayaraq mövzu ətrafında geniş məruzə ilə çıxış edib. Professor Azərbaycanda multikultural dəyərlərdən, ölkəmizin siyasi-coğrafi mövqeyindən bəhs edib, ölkə tarixinin ən qanlı səhifələrini bir tarixçi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“Azərbaycan ordusu” qəzetinin müxbiri Lalə Hüseynova çıxışında MEK tərəfindən Qarabağ müharibəsi qəhrəmanları fondunun yaranmasının əhəmiyyətini vurğulayıb və digər kitabxanalar, qurumlar, mədəniyyət ocaqları üçün nümunə olduğunu bildirib. Lalə Hüseynova, həmçinin müharibə zamanı hərbi müxbir olaraq ezam olunduğu cəhbə bölgələrində xidmət göstərənlərin vətən sevgisinin əyani şahidi olduğunu və əzmkarlıqlarını qələmə aldığını diqqətə çatdırıb.
Daha sonra MEK-in oxucusu, İkinci Qarabağ müharibəsi iştirakçısı, qazi Yusif Kamal Paşabəyli müharibə ilə bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, həmin dövrdə xalq olaraq necə mübariz olduğumuzu bütün dünyaya sübut etdik.
Tədbirdə çıxış edən şəhid Nicat Tanrıverdiyevin anası Şükran xanım xalqımızın şəhidlərimizi unutmağa qoymayacağına inandığını bildirib. Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenant Bəxtiyar Təşəroğlu döyüşlə bağlı xatirələrini bölüşüb.
Sonda Anım Gününə həsr olunmuş və MEK tərəfindən ərsəyə gələn video nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.