Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

27.09.2022 12:15
  • A-
  • A
  • A+

AMEA-nın Rəyasət Heyətində GEANT Assosiasiyasının baş direktoru ilə görüş keçirilib

AMEA-nın Rəyasət Heyətində GEANT Assosiasiyasının baş direktoru ilə görüş keçirilib

Sentyabrın 26-da AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Bakıda keçirilməsi planlaşdırılan “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar konfransı” çərçivəsində ölkəmizdə səfərdə olan GEANT Assosiasiyasının baş direktoru Erik Hayzer ilə görüşüb.

Akademiyanın Rəyasət Heyətinin aparatında keçirilən görüşdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev, İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov və AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev iştirak ediblər.

Qonağı Akademiyada görməkdən məmnunluğunu dilə gətirən akademik Arif Həşimov 28-29 sentyabr 2022-ci il tarixlərində Bakıda keçiriləcək “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar konfransı”na Azərbaycan dövləti səviyyəsində yüksək qiymət verildiyini və beynəlxalq tədbirdən gözləntilərin böyük olduğunu söyləyib. Akademik Arif Həşimov konfransın gündəliyinə daxil edilmiş məsələlərin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini və bir çox dövlət sənədlərində əksini tapdığını deyib. Bildirib ki, konfransa hazırlıq çərçivəsində ötən müddət ərzində İnformasiya Texnologiyaları İnstitutunda yaradılması planlaşdırılan Elektron Elm Mərkəzinin koronavirus pandemiyasının yaratdığı çətinliklərə görə inşası mümkün olmayıb. AMEA rəhbəri sözügedən mərkəzin layihəsinin hazır olduğunu və növbəti illərdə inşası üçün dövlətin investisiya proqramına salınacağını diqqətə çatdırıb.

AMEA ilə GEANT Assosiasiyası arasında işgüzar əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən A.Həşimov konfransdan sonra tərəflər arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyacağını söyləyib. Vurğulayıb ki, son illərdə GEANT-ın yaratdığı imkanlardan istifadə etməklə alimlərimizin dünyanın nüfuzlu nəşriyyatlarına, kitabxanalarına, elm mərkəzlərinə çıxışı genişlənib və nəticədə dünyanın nüfuzlu jurnallarında çap olunan məqalələrin sayına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında 1-ci yerdədir.

Həmçinin qeyd edib ki, ölkəmizin, xalqımızın ədəbi-mədəni irsinin qorunması dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, Azərbaycanın tarixi, ədəbiyyatı, əlyazmalarına dair məlumatların GEANT şəbəkəsində yerləşdirilməsinin, ölkəmizin mədəni irsinin daha yaxşı təbliğinə, ölkəmizlə bağlı müraciətlərin artmasına təkan verəcək.

AMEA rəhbəri Azərbaycana göstərdiyi dəstəyə görə E.Hayzerə minnətdarlığını bildirib və gələcəkdə birgə geniş layihələrin həyata keçirilməsinə ümidvar olduğunu söyləyib.

Sonra çıxış edən R.Əliquliyev Avropa Komissiyası tərəfindən maliyyələşdirilən GEANT layihəsinin dünya üzrə 50 milyondan çox istifadəçisi olduğunu, elm və təhsil müəssisələrinin şəbəkə üzərindən gündəlik olaraq terabaytlarla informasiyanın ötürüldüyünü diqqətə çatdırıb. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına xüsusi əhəmiyyət verdiyini deyən R.Əliquliyev ölkəmizin bu layihədən istifadə etməklə elm və təhsilin inkişafında maraqlı olduğunu vurğulayıb.

O bildirib ki, Avropa Komissiyasının gənclər üçün bir çox təhsil proqramları mövcuddur və Şərq Tərəfdaşlığına üzv olan bir sıra ölkələr həmin proqramlardan geniş istifadə edirlər. R.Əliquliyev Azərbaycan gənclərinin bu proqramlara cəlb edilməsinin vacibliyini bildirib və GEANT Assosiasiyasının baş direktoru Erik Hayzerin ölkəmizə səfərinin başlıca məqsədlərindən birinin də bu olduğunu deyib.

Daha sonra GEANT Assosiasiyasının baş direktoru Erik Hayzer çıxış edərək bildirib ki, istifadəçilərə təhlükəsiz və fasiləsiz İnternet trafikinin verilməsi GEANT-ın başlıca məqsədlərindəndir. Onun sözlərinə görə, elektron resurslardan geniş istifadə olunmasına dövlət tərəfindən dəstək verilməlidir və tədqiqatçıların, doktorantların, tələbələrin şəbəkənin imkanlarından geniş istifadə etməklə həmkarları ilə ünsiyyət qurmaları onların inkişafı üçün əhəmiyyətlidir. Qeyd edib ki, qarşılıqlı ünsiyyət, həmçinin Azərbaycanın Avropa ilə mədəni əlaqələrinin inkişafında, azərbaycanlı gənclərin Avropa təhsil sisteminə inteqrasiyasında mühüm rol oynayacaq. E.Hayzer bu məqsədlə GEANT şəbəkəsinin Azərbaycanda geniş istifadəsinin təşviq edilməsi başlıca hədəflərdən olduğunu söyləyib.  

Eyni zamanda vurğulayıb ki, bu gün dünyada bir çox qlobal problemlər mövcuddur və onların həllində alimlər xüsusi rol oynamalıdır. Onun sözlərinə görə, alimlərin GEANT şəbəkəsinin imkanlarından geniş istifadə etməklə qarşılıqlı əlaqələr yaratmaları həmin problemlərin həllinə kömək edə bilər.

Daha sonra qonaq AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: