Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2022 15:02
  • A-
  • A
  • A+

RSXM-də “Doğmalarınız əmanətimizdir, şəhidim” adlı tədbir keçirilib

RSXM-də “Doğmalarınız əmanətimizdir, şəhidim” adlı tədbir keçirilib

Sentyabrın 27 - də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 27 Sentyabr - Anım Günü münasibətilə “Doğmalarınız əmanətimizdir, şəhidim” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov bildirib ki, 27 sentyabr Azərbaycan xalqının tarixində mühüm yer tutur. İki il əvvəl Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının dövlət sərhəddi boyunca törətdiyi təxribatlar nəticəsində Vətən müharibəsinin başladığını qeyd edən Rauf Muradov 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq 30 il düşmən tapdağında olan torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən azad edildiyini bildirib.

İcraçı direktor müharibə zamanı həm mülki vətəndaşlarımız, həm də hərbçilərimiz arasında şəhidlərimizin olduğunu qeyd edərək, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzu edib.

Daha sonra RSXM-nin “Bərdə” seysmik stansiyasının müdiri, I Qarabağ müharibəsinin və Vətən müharibəsinin iştirakçısı, mayor Gəray Əsədov düşmən ordusunun darmadağın edilməsində Azərbaycan ordusunun dünya hərb elminə gətirdiyi yeniliklərdən, qəhrəman Azərbaycan oğullarının döyüşlərdə göstərdiyi şücaətlərindən, qəhrəmanlıq salnamələrindən danışıb. 

RSXM-nin Həmkarlar Təşkilatının sədri, Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev deyib ki, mərkəzin I Qarabağ müharibəsində, eləcə də Vətən müharibəsində iştirak edən əməkdaşları var. RSXM əməkdaşlarının övladları arasında da şəhidlərin olduğunu bildirən Etibar Qaravəliyev şəhid ailələrinin və qazilərin sosial-məişət problemlərinin daim mərkəz rəhbərliyinin diqqətində olduğunu deyib.

Daha sonra İnformasiya şöbəsi tərəfindən hazırlanmış “Doğmalarınız  əmanətimizdir, şəhidim”  adlı videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: