Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2022 15:30
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Anım günü münasibətilə tədbir keçirilib

Əlyazmalar İnstitutunda Anım günü münasibətilə tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş nitqi ilə açan Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli qəhrəman oğullarımızın 44 gün davam edən Vətən müharibəsinin hər gününü zəfər salnaməsinə çevirdiklərini, onların əsl vətənpərvərlik və vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiklərini qeyd edib. Bildirib ki, Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir.

Daha sonra söz məruzəçilərə verilib. Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Yusif surətli, dəmir səsli qəhrəman” adlı məruzə ilə çıxış edərək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müəllimi olduğu, Füzuli döyüşləri zamanı şəhid olan, şəxsi igidliyinə və şücaət nümayiş etdirdiyinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən kapitan Ceyhun Həsənovdan, onunla bağlı xatirələrindən danışıb, qəhrəmanın adının əbədiləşdirilməsi üçün atılan bir sıra mühüm addımlardan söhbət açıb.

Əlyazmaların və əski çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, dosent Zəkiyyə Əbilova “Onlar Vətən uğrunda canlarını fəda etdi” adlı məruzəsində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başlanan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimiz barədə məlumat verib.

İnstitutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanım Mehdixanlı “Namümkünü mümkünə çevirən cəsur ürək sahibləri” adlı məruzə ilə çıxış edərək işğal altında olan torpaqların qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmasından, xalqımızın əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək düşmən üzərində qalibiyyətindən söz açıb. Bildirib ki, onun müəllim kimi çalışdığı təhsil müəssisəsinin məzunları arasında da 44 günlük müharibənin qəhrəmanları var.

Anım mərasimində, həmçinin institutun Əlyazmaların və əski çap kitablarının tədqiqi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Tahirə Əliyeva və Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyev məruzələr ətrafında çıxış edib, Azərbaycan xalqı və dövlət başçısının hər zaman mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərib, xatirəsini uca tutduğunu vurğulayıblar. Bildiriblər ki, institut əməkdaşları da zaman-zaman mətbuatda dərc etdirdiyi yazılarında və nəşr etdirdiyi vətənpərvər ruhlu kitablarında şanlı zəfər tariximizi daim təbliğ edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: