Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2022 15:35
  • A-
  • A
  • A+

Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar konfransı” keçirilir

Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar konfransı” keçirilir

Sentyabrın 28-də “JW Marriott Absheron Baku” hotelində “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar konfransı”nın (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, eləcə də 50-yə yaxın ölkəni, müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən mütəxəssislər və KİV nümayəndələri iştirak ediblər.

GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya olunması istiqamətində dövlətimiz tərəfindən uzun illərdir ki, ardıcıl və məqsədyönlü siyasətin həyata keçirildiyini, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında genişspektrli əməkdaşlığın tarixindən bəhs edən AMEA rəhbəri bu əlaqələrin hüquqi əsasının 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulduğunu, 2004-cü ildən başlayaraq Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdə yeni bir mərhələnin başladığını diqqətə çatdırıb.

Akademik Arif Həşimov dünyada baş verən IV Sənaye inqilabı nəticəsində bütün fəaliyyət sahələri kimi, elm və təhsil sahələrinin də yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib: “Azərbaycan dövləti ölkəmizdə IV Sənaye inqilabı texnologiyalarının geniş və effektli tətbiqi ilə bağlı bir sıra addımlar atmaqdadır. Hesab edirəm ki, Azərbaycanın Avropaya inteqrasiyası baxımından bu texnologiyaların imkanları mühüm əhəmiyyət kəsb edir”.

Alimin sözlərinə görə, “EaPEC 2022” Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.

Çıxışının sonunda akademik Arif Həşimov belə bir nüfuzlu konfransın ölkəmizdə keçirilməsinin Avropa İttifaqının Azərbaycan dövlətinə və onun apardığı siyasətə etimadının göstəricisi olduğunu bildirib.

Sonra çıxış edən GEANT-ın baş direktoru Erik Hayzer “EaPEC 2022” konfransının Azərbaycan elmi və təhsilinin inkişafı baxımından geniş imkanlar açdığını vurğulayıb, tədbirin yüksək səviyyədə təşkilinə görə İnformasiya Texnologiyaları İnstitutuna, eləcə də digər müvafiq qurumlara dərin minnətdarlığını ifadə edib.

O, Azərbaycan dövlətinin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, alim və tədqiqatçılarımızın Avropanın elm və təhsil sahəsindəki resurs və xidmətlərindən daha səmərəli istifadəsinin təmin edilməsi istiqamətində lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirib.

Erik Hayzer konfrans çərçivəsində iştirakçı ölkələrdən olan xüsusi ekspertlərin müxtəlif mövzulara dair məruzələrinin dinləniləcəyini, həmkarlarla mühüm məsələlər üzrə təcrübə və fikir mübadiləsinin aparılacağını diqqətə çatdırıb.

Konfransda çıxış edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin elm, təhsil və yüksəkixtisaslı, savadlı kadrların hazırlığı istiqamətində yürütdüyü siyasətdən danışıb. Qeyd edib ki, məhz bu sahədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycanda dünyanın nüfuzlu qurumlarının təşkilatçılığı ilə beynəlxalq elmi tədbirlərin keçirilməsi ənənəvi hal alıb.

Nazir müavini bu tədbirin Azərbaycan elmi və təhsilinin inkişafı üçün böyük əhəmiyyət daşıdığını söyləyib, dünyada sürətlə inkişaf edən informasiya texnologiyalarının ölkəmizin elm və təhsil sistemi qarşısında yeni tələblər qoyduğunu bildirib. O, belə bir nüfuzlu tədbirin keçirilməsinin Şərq Tərəfdaşlığı ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından vacibliyini qeyd edib.

“EaPConnect” layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədilə təşkil olunan, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunacağı “EaPEC 2022” konfransının ölkəmizdə keçirilməsi Azərbaycan elminin inkişafına mühüm töhfələr verəcək”, – deyə Firudin Qurbanov bildirib.

Konfransın açılış mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov da çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, Şərq Tərəfdaşlığı ölkələrinin informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayaraq tədbirin Azərbaycan elmi və təhsilinin dünyanın müvafiq sahədə fəaliyyət göstərən nüfuzlu qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində yeni imkanlar açacağına inamını ifadə edib.

Samir Məmmədov ölkə Prezidenti İlham Əliyevin öz siyasətində elm və təhsilin inkişafına xüsusi diqqət ayırdığını, son illər müvafiq sahədə ciddi nailiyyətlərin əldə olunduğunu, Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndiyini vurğulayıb.

Nazir müavini iki gün ərzində konfransda təqdim olunacaq məruzələrin, aparılacaq müzakirələrin Azərbaycan və Avropa ölkələri arasında elmi əlaqələrin daha da yaxınlaşmasına ciddi təkan verəcəyini söyləyib.

Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov konfransın elmi-texniki kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın təşkili, birgə elmi tədqiqatların həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması, Azərbaycanda əldə olunmuş mühüm elmi nailiyyətlərin Avropa ictimaiyyətinə təqdim olunması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Tədbirdə Şərq Tərəfdaşlığı ölkələri ilə rəqəmsal və iqtisadi əməkdaşlıq üzrə proqram meneceri Tibault Şarlet çıxış edərək “EaPEC 2022” konfransının Şərq Tərəfdaşlığı ölkələri üçün əhəmiyyətindən bəhs edib. O, Azərbaycanın elmi-tədqiqat müəssisələri, ali təhsil qurumları və müvafiq dövlət təşkilatlarının diqqətinin bu konfransa cəlb olunmasını yüksək qiymətləndirib, tədbirin Şərq Tərəfdaşlığı ölkələri arasında əlaqələrin yüksələn xətlə inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

 “EapConnect” layihəsinin meneceri İrina Metyu isə çıxışında Şərq Tərəfdaşlığı ölkələri arasında elm, təhsil və tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan tədbirin önəmindən danışıb. İnformasiya Texnologiyaları İnstitutunun Avropanın elm və təhsil layihələrinə qoşulması üçün yaradılmış şəraiti yüksək qiymətləndirən İ.Metyu institut ilə birgə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını deyib.

O, konfransın beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirmək baxımından geniş imkanlar yaradacağına inandığını qeyd edib.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev də çıxış edərək Azərbaycan Respublikasının 2009-cu ildə Avropa Birliyinin Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşulan ölkələrdən biri olduğunu, bu tərəfdaşlıq çərçivəsində ölkəmizin Avropa Birliyi ölkələri və institutları ilə müxtəlif sferalarda əməkdaşlıq münasibətləri qurduğunu söyləyib.

Alim Azərbaycanın 2010-cu ildən GEANT Assosiasiyasında İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsi vasitəsi ilə təmsil olunduğunu bildirib.

Vitse-prezident Azərbaycanda “EaPConnect” layihəsinə 2015-ci ildən start verildiyini deyərək, ötən müddət ərzində bu layihə çərçivəsində həyata keçirilmiş mühüm işləri diqqətə çatdırıb. O, Avropa Komissiyasına, GEANT və “EaPConnect” layihəsinin menecerlərinə göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirib.

“Ölkəmizin elm və təhsil ictimaiyyəti “EaPConnect” layihəsinin imkanlarından daha çox yararlana bilərdi”, - deyən akademik Rasim Əliquliyev Azərbaycanda alimlərin, müəllimlərin, tələbələrin qarşısında duran əsas problemlərdən söz açıb, ölkəmizin elm və təhsil ictimaiyyətinin dünya elminə daha sürətli inteqrasiyası istiqamətində konkret təkliflər irəli sürüb.

Akademik Rasim Əliquliyev konfransda iki gün ərzində elm və təhsil üçün mühüm önəm kəsb edən, qlobal çağırışlar və rəqəmsal transformasiyalar kontekstində əhəmiyyətli məruzələrin təqdim olunacağını söyləyib, tədbirin işinə uğurlar arzulayıb.

Sonra konfrans öz işini seksiya iclasları ilə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: