AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mirzə Ələkbər Sabirin Özbəkistanda çap olunan “Hophopnamə”sinin təqdimatı keçirilib. Təqdimat Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində baş tutub.
Təqdimatda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrə aid geniş nitq söyləyib: “Son ilər Azərbaycan-Özbəkistan əlaqələri yeni mərhələdə inkişaf edir. Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişaf etdirilməsinə Özbəkistan Respublikasının Azərbaycandakı və Azərbaycan Respublikasının Özbəkistandakı səfirlikləri və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi çox böyük dəstək verir. Samir Abbasovun təşəbbüskarlığı sayəsində Azərbaycan ədəbiyyatının yüzdən çox nümunəsi özbək dilinə tərcümə olunub və çap edilib. Yeni çap olunan əsərlərdən biri Mirzə Ələkbər Sabirin “Hophopnamə”si, biri də Şah İsmayıl Xətayinin anadilli “Divan”ının Daşkənd nüsxəsidir”.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov əlavə edib ki, bu nəşr mərkəz tərəfindən Özbəkistanın bütün kitabxanalarına, universitetlərinə, tədqiqat müəssisələrinə əvəzsiz olaraq veriləcək.
Təqdimatda Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Obijon Shofiyev, özbək şairə, “Kitob dunyosi” qəzetinin baş redaktoru Xosiyət Rüstəm və Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli və filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli çıxış edərək nəşrin əhəmiyyətindən bəhs ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.