Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

10.10.2022 11:42
  • A-
  • A
  • A+

Böyük Qafqazın şimal-qərb zonasının təbii və mədəni dendroflorasının təhlili

Böyük Qafqazın şimal-qərb zonasının təbii və mədəni dendroflorasının təhlili

Dendrologiya İnstitutunun Meşə ekosistemləri laboratoriyasının elmi əməkdaşları Azərbaycan meşələrinin taksonomik tərkibinin araşdırılması və müqayisəli təhlilinin  tədqiqatını aparıblar.

Bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə olunan təbiət abidələrinin rolu əvəzsizdir. Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanması, təbii resusrların səmərəli istifadə edilməsi məqsədilə bir çox qoruqlar yaradılıb. Dövlət Təbiət qoruqları ilə yanaşı son dövrlər yeni park və bağlar salınıb, həmin ərazilərdə təbii florada olan eldar şamı, akasiya, qızılağac, fıstıq və s. bitkilər ilə yanaşı, dünya florasının ağac-kol bitkilərindən də (katalpa, ardıc, şam, sərv və s. cinslərə aid yeni növlərdən) geniş istifadə edilib.

Böyük Qafqazın şimal-qərb zonasında yerləşən Qax, Zaqatala, Balakən təbii zənginliklərinə görə xüsusi yer tutur. Flora biomüxtəlifliyi əsasən Qafqaz, boreal, qədim, bozqır və kserofit flora elementlərinə daxildir. Böyük Qafqazın meşə, yüksək dağ çəmən rayonlarının xüsusiyyətlərini özündə əks etdirən arktoalpik və buzlaşma dövrünün  relikt və endemləri ilə zəngindir. Trautvetter ağcaqayını (Acer trautvetteri), Nizami dərgili (Roza nisami), Azərbaycan dərgili (Rosa Azerbaijanica) və s. Bu rayonların iqlimi mülayim isti və rütubətlidir. Subtropik iqlim özünü göstərir. 

Böyük Qafqazın şimal-qərb yamacına daxil olan-Balakən, Zaqatala, Qax rayonların ərazisində bitki örtüyü dağlıq əraziyə məxsus yüksək zonallıq qanununa uyğun olaraq dəniz səviyyəsindən yuxarı qalxdıqca dəyişir. Bu ərazilərdə qızılağac (Alnus), yalanqoz (Pterocarya pterocarpa Kunth.), ağyarpaq qovaq (Populus hibrida), uzunsaplaq palıd (Quercus longipes) ağaclarına, ardıc-saqqız (Juniperus - Pistacia) seyrəklikləri və qismən iberiya palıdı (Quercus iberica) meşələrinin qalıqlarına rast gəlinir. Dağlıq zonanın dəniz səthindən 1000-1100 m yüksəkliyə qədər yerləşən aşağı dağ-meşə qurşağında iberiya palıdı (Quercus iberica)  və Qafqaz vələsinin (Carpinus caucasica L.), üstünlük təşkil etdiyi meşəliklər, 1000-1800 m yüksəklikdə yerləşən orta dağ-meşə qurşağında əsasən fısdıq meşələri (Faqus orientalis), 1800-2000 m dağ-meşə qurşagında şərq palıdı (Quercus macranthera), Trautvetter ağcaqayını (Acer trautvetteri) və tozağac (Betula) meşələri yayılıb. Bu qurşaqda respublikamızın ərazisi üçün yeganə sayılan Qafqaz rododendronunun (Rhododendron caucasia) kiçik sahələrinə Zaqatala qoruğunda təsadüf olunur.

Böyük Qafqazın cənub yamaclarının dağlıq hissəsində əsasən fısdıq (Fagus) 85,6 min ha, palıd (Quercus) 45,6 min ha və vələs (Carpinus) 45,8 min ha meşələri yayılıb. Digər ağac cinslərindən ibarət meşəliklək (ağcaqayın-Acer, qarağac - Ulmus, tozağac - Betula,  qoz - Juglans, şabalıd - Castanea, dəmirqara - Poliurus spina-christi, cökə - Tilia,  qaracöhrə - Taxus baccata, Qafqaz xurması - Diospyros lotus) 81%, süni ağaclıqlar cəmi 19% təşkil edir. Filizçay (Balakənşay) hövzəsində dəniz səthindən 800-1000 m yüksəklikdə qayalı aşırımlarda və dik çılpaq qayalarda 10 hektara yaxın sahədə qarmaqvari şam - Pinus kochiana ağacları bitir. Bu şamlar buzlaq dövründən  bizə qalan yadigarlardır.

Qax, Zaqatala, Balakən rayonlarının ərazisində əsəsən palıd-vələs və fıstıq-vələs meşələri dominantlıq təşkil edir. Düzən meşələrdə alma (Malus Mill.), alça (Prunus divaricata Ledeb), ağcaqayın (Aser caucasica L.), göyrüş (Farxins excelsior L.), vələs (Carpinus caucasica L.), yasəmən (Syringa vulgaris L.), yemişan (Crataegus L.), zoğal (Cornus mas L.), ayı fındığı (Corylus colurna Roth), yunan qozu (Juglans regia L.), palıd (Quercus macranthera F.), söyüd (Salex L.), cökə (Tilia R.), əzgil (Mespilus L.), başınağacı (Viburnum opulus L.), fıstıq (Faqus orientalis), qaraçöhrə (Taxus baccata S.F.Gray) və s. bitkilərə də rast gəlinir. Zoğal (Cornus mas L.) bitkisi mühafizə zonasında yamac boyunca daha geniş yayılıb. Yamacın ətəklərində (dəniz səviyyəsindən 772 m hündürlükdə adi zoğal 2,4-6,0 m hündürlükdə, gövdəsinin diametri 14-34 sm ) digər bitkilərlə sıx vəhdət yaradır: bunlar yemişan (Crataegus L.), alma (Malus Mill.), şabalıd (Castanea sativa Mill.), palıd (Quercus L.) və alçadır (Prunus cerasifera Ehrh.).

Zaqatala rayonunun təbiəti olduqca zəngindir. Zaqatala ərazisinin təqribən yarısını meşələr tutur. Rayonun relyefi dağlıq və düzənlikdir. Rayonda meşə çoxdur, lakin onlar əsasən dağlarda və dağətəyi bölgədə yerləşir. Zaqatala rayonunun florası müxtəlif qiymətli ağac növləri ilə zəngindir. Zaqatala Dövlət Təbiət qoruğunda 900-dən artıq bitki növü yayılıb. Bitkilərdən 11 növü nadir və azlığına görə Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşüb. Burada Azərbaycan florası üçün nadir sayılan və böyük elmi maraq doğuran iynəyarpaqlı qaracöhrə, qarmaqvari şam ağacı və ancaq Zaqatala qoruğuna məxsus olan Qafqaz rododendronu bitir.

Balakən rayonu üçün əsasən rütubətli subtropik və dağ-tundra iqlimi səciyyəvidir. Rayonda 4 iqlim qurşağı mövcuddur. Düzənlik və dağətəyi hissədə mülayim və yarımrütubətli subtropik, yüksək dağlıq yerlərdə soyuq və rütubətlidir. Rayonun 65%-ində subtropik iqlim qurşağı mövcuddur. Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Böyüklüyünə görə Azərbaycanda ikinci olan Zaqatala qoruğunun 3/4-ü Balakən rayonunun ərazisinə düşür.

Yanvar ayında orta temperatur - 1,5; - 7,8 dərəcə, iyulda + 10,5; + 24,5 dərəcə təşkil edir. İllik yağıntının miqdarı 600 mm-dən 1400 mm-ə qədər olur. Maksimum temperatur adətən iyul ayında müşahidə olunur və + 37 dərəcəyə çata bilər.

Qax rayonu  əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılmışdır. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.

Qax, Zaqatala və Balakən bölgəsində yeni salınan park və bağ ekosistemində istifadə edilən ağac və kolların 4 fəsiə, 7 cinsə aid 16 növü çılpaqtoxumlulara, 40 fəsiləni əhatə edən 84 cinsə aid 101 növü isə örtülütoxumlu bitkilərə aiddir, o cümıədən 4 fəsilə, 10 cinsə aid 10 növ bəzək güllərinə aiddir. Biomorfoloji təhlil zamanı  məlum olmuşdur ki, həmin ərazilərdə park-bağ ekosisteminin formalaşmasında 42 növ ağac,  57 növ kol, 5 növ lian, 2 növ qazon bitkisindən istifadə olunub.

Tədqiq olunan növlərin  mədəni şəraitdə böyümə və inkişafı araşdırılıb. Bitkilərin ilk çiçəkləmə yaşı, fenoloji inkişaf mərhələləri öyrənilib, məlum olub ki, bitkilərin çiçəkləmə fazasına daxil olması hər bir növun fərdi bioloji xüsusiyyəti olmaqla yanaşı, introduksiya edildiyi  mühitin ekoloji amillərindən də çox asılıdır.

Araşdırmalardan məlum olub ki, yaşıllaşdırmada 81 növ təbii floradan olan, 36 növ xarici floralara mənsub bitkilərədən istifadə edilib. Xarici floraya mənsub bitkilərdən Yasəmənyarpaq katalpa, Kökatan tekoma, Yapon gərməşövü, Həmişəyaşıl sərv növləri mədəni  florada - yaşıllaşdırmada dominant rol oynayır. Yerli floraya mənsub palıd, ardıc, ağ akasiya, çinar, ağcaqayın, vələs, göyrüş, çökə növlərindən daha çox istifadə edilir.

Tədqiqat zamanı introduksiya olunan yeni növlərin - Lagerstremia indica L., Evonumus japonica L., Spiraea japonica L., Weigela florida A.DC., Photinia serrulata Lindl., Arbutus unedo L., Nandina domestica Thunb., Symphoricarpos albus (L.) S.F.Blake, Magnoliya grandiflora L., Centranthus ruber (L.) DC. və s. böyüməsi, inkişaf fazaları Zaqatala-Balakən bölgəsi və Abşeron şəraiti ilə müqayısə edilmiş və məlum olub ki, qeyd edilən növlərdə böyümə və fenoloji inkişaf mərhələləri Abşerona nisbətən həmin bölgələrdə 7-10 gec başlayır, illik boy artımı 10-12 sm çox olur .

Zaqatala-Balakən bölgəsinin mədəni dendroflorası taksonomik tərkibinə görə 44 fəsilə, 91 cinsə aid 117 növ ağac-kol bitkisi ilə təmsil olunub; o cümlədən 4 fəsil, 7 cins və 16 növ çılpaqtoxumlulara aiddir; həyati formalarına görə: 42 növ ağac, 51 növ kol, 5 növ lian, 13 növ bəzək gülləri, 1 növ qazon bitkisidir; 80 növ təbii flora, 37 növ xarici flora bitkiləridir.

Minarə HƏSƏNOVA, Dendrologiya İnstitunun direktor v.i.e, biologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: