Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.10.2022 16:20
  • A-
  • A
  • A+

RSXM-nin və AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin rəhbərləri arasında görüş keçirilib

RSXM-nin və AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin rəhbərləri arasında görüş keçirilib

Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ və Risklərin Azaldılması Baş idarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) nümayəndələri arasında növbəti görüş keçirilib.

Onlayn formatda təşkil olunan görüşdə AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin rəhbəri Vali Yunus Sezer, baş meneceri, professor Orhan Tatar, Zəlzələ Departamentinin Zəlzələ Müşahidələri Sisteminin rəhbəri Vedat Özsarac, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Ələsgər Əliyev və Cavid Zeynalzadə iştirak ediblər.

Görüşdə iki qardaş ölkə arasında seysmoloji sahədə əməkdaşlığın genişləndirilməsi, seysmik stansiya məlumatlarının qarşılıqlı mübadiləsi, AFAD-ın Zəlzələ Departamentinin Azərbaycana hədiyyə etdiyi və Şuşa şəhəri ətrafında quraşdırılması nəzərdə tutulan seysmik stansiyanın quraşdırılması ilə bağlı müzakirələr aparılıb.

İki ölkə arasında seysmoloji əlaqələrin hazırki vəziyyəti ilə bağlı AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin baş meneceri, professor Orhan Tatar iştirakçılara məlumat verib.

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli isə bildirib ki, RSXM üçün Türkiyə ilə seysmoloji sahədə əlaqələrin dərinləşdirilməsi əsas prioritetlərdəndir. Baş direktor Şuşa şəhəri ətrafında Türkiyə tərəfindən verilən seysmik stansiyanın quraşdırılmasına da toxunub. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdəki mina təhlükəsi Qarabağda seysmik stansiyaların quraşdırılması ilə bağlı işləri ləngidir.

AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin rəhbəri Vali Yunus Sezer bildirib ki, artıq Azərbaycana veriləcək stansiya hazırdır və yaxın vaxtlarda AFAD-ın nümayəndələri həmin stansiyaların quraşdırılması ətrafında texniki müzakirələri aparmaq üçün Azərbaycana səfər edəcəklər.

Müzakirələr zamanı Şuşa ətrafında quraşdırılması nəzərdə tutulan stansiya yerinin seçilməsi, stansiya məlumatlarının qarşılıqlı mübadiləsi və maraq doğuran digər məsələlərə də aydınlıq gətirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: