Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.07.2026 11:00
  • A-
  • A
  • A+

“Varlıq” jurnalının baş redaktoru Şərqşünaslıq İnstitutunda görüşlər keçirib

“Varlıq” jurnalının baş redaktoru Şərqşünaslıq İnstitutunda görüşlər keçirib

“Varlıq” jurnalının baş redaktoru, Ankara Universitetinin dosenti Məhəmmədrza Heyət AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

M.Heyət ilk olaraq AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə Şərqşünaslıq İnstitutunun direktor müavinləri - filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev, həmçinin institutun Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə iştirak ediblər.

Akademik G.Baxşəliyeva “Varlıq” jurnalının azərbaycanlıların milli kimliyinin qorunmasında mühüm rolu olduğunu və onun yaradıcısı, görkəmli alim və cərrah Cavad Heyətin bu sahədə əvəzsiz xidmətlər göstərdiyini qeyd edib. İnstitutun rəhbəri “Varlıq” jurnalında cənubi azərbaycanlıların milli kimliyinin qorunmasına xidmət edən çoxsaylı dəyərli məqalələrin dərc olunduğunu deyərək, bu məqalələrdən seçmələrin toplusunu dərc etməyi təklif edib.

Məhəmmədrza Heyət bu təşəbbüsü çox yüksək dəyərləndirib. Görüşdə Şərqşünaslıq İnstitutunda “Varlıq” jurnalında bu istiqamətdə olan məqalələrdən seçmələrin hazırlanaraq çap olunması qərara alınıb.

Akademik G.Baxşəliyeva və dosent Səməd Bayramzadə Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycanla bağlı aparılan tədqiqatlardan danışıblar. M.Heyət şərqşünas alimlərin bu sahədə fəaliyyətini çox yüksək dəyərləndirib.

Məhəmmədrza Heyət daha sonra Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşları ilə görüşüb, fikir mübadiləsi aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: