Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.07.2026 14:20
  • A-
  • A
  • A+

Özbəkistanlı tələbələr Nizami Gəncəvi və Əlişir Nəvai mərkəzlərini ziyarət ediblər

Özbəkistanlı tələbələr Nizami Gəncəvi və Əlişir Nəvai mərkəzlərini ziyarət ediblər

AR Mədəniyyət Nazirliyinin və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan özbəkistanlı alimlər, tələbələr AMEA-nın Gəncə Bölməsində  Nizami Gəncəvi Mərkəzini və Əlişir Nəvai adına Özbək Dili və Mədəniyyəti Mərkəzini ziyarət ediblər.

Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin direktoru Akif Maarifli, Özbəkistanın Mədəniyyət və İncəsənət Universitetinin alimi Şirzod Muhammadiev, AMEA-nın Gəncə Bölməsinin elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə sədr müavini dosent Əlimuxtar Muxtarov, elmi katib Günay Cəfərova, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppasının üzvləri və digər alimlər iştirak ediblər.

Əlimuxtar Muxtarov Türk dünyasının dahi şair və mütəfəkkirləri Nizami Gəncəvi və Əlişir Nəvainin həyatı yaradıcılığı haqqında geniş məlumat verərək bu iki dahi mütəfəkkirin yaradıcılığının Azərbaycan-Özbəkistan xalqlarının qədim tarixdən gələn dostluq, qardaşlıq və birliyinə xidmət etdiyini vurğulayıb. Eyni zamanda qeyd edib ki, Azərbaycan və Özbəkistan xalqları arasında mədəni dialoqun genişləndirilməsi baxımından belə qarşılıqlı səfərlər Azərbaycan və Özbəkistan gəncləri arasında mədəni, humanitar və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verir.

Ə.Muxtarov xüsusilə vurğulayıb ki, iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsi və strateji tərəfdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə çatdırılması, ən yüksək tarixi inkişaf dövrünü yaşaması Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin adı ilə bağlıdır.  

Qeyd edək ki, AMEA-nın Gəncə Bölməsində Əlişir Nəvai adına Özbək Dili və Mədəniyyəti Mərkəzi 2024-cü ilin mart ayında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin, Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov və Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevin birgə imzaladıqları memorandum əsasında həmin ilin sentyabr ayında fəaliyyətə başlamışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: