Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon səfirliyin nümayəndəsi ilə birgə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.
Qonaqları institutun direktoru akademik Teymur Kərimli qəbul edib.
Görüşdə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov, elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirli, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini fil.ü.f.d., dosent Xatirə Yusifova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova iştirak edib.
Akademik Teymur Kərimli qonaqlara rəhbərlik etdiyi institutda qorunan tacik və fars ədəbiyyatına dair əlyazma nüxsələri, institutun tarixi və elmi fəaliyyət istiqaməti barədə məlumat verib. İki heyət arasında qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş əsnasında institutun direktoru qonağa dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” kitabını təqdim edib. İlxom Abduraxmon da öz növbəsində akademik Teymur Kərimliyə Tacikistan milli ornametini özündə əks etdirən ənənəvi naxışlarla bəzədilmiş dekorativ nümunə hədiyyə edib.
Daha sonra Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri tarix.ü.f.d., dosent Nigar Babaxanova qonaqları institutun Ekspozisiya zalında sərgilənən, Şərq və dünya ədəbiyyatının qüdrətli klassikləri Əbülqasım Firdovsinin, Əbdürrəhman Caminin və Hafiz Şirazinin əsərlərinin qədim və nadir əlyazma nümunələri ilə tanış edib, onlara elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu və s. barədə ətraflı məlumat verib.
Qonaqlar, həmçinin Ekspozisiya zalındakı Azərbaycan Demokratik Respublikasının Parlamenti və Ümummilli Lider Heydər Əliyev guşələri ilə tanış olub, binanın tarixi, milli mədəniyyətimizin əsas qaynaqları olan əlyazmaların mühafizəsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolu barədə ətraflı bilgi əldə ediblər.
Sonda görüş iştirakçılarının xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.