Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.10.2022 19:24
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

Oktyabrın 11-də AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) Elmi şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Akademik Gövhər Baxşəliyeva İctimai Elmlər Bölməsi üzrə 2022-ci tədris ili üçün fəlsəfə və elmlər doktoru üzrə dissertan­tu­ra və doktoranturaya qəbulun nəticələri haqqında Elmi şura iştirakçılarına məlumat verib. Qeyd edib ki, bu günün doktorant və dissertantları gələcəyin alimləridir və bu baxımdan hər müəssisədə doktorant və dissertantların hazırlığı işinə diqqət və qayğı ilə yanaşmaq lazımdır. Akademik, həmçinin son illərdə bu sahədə xarici dil imtahanlarıyla bağlı yaranmış problemlərdən də söz açıb.

Daha sonra iclasda bölmənin elmi tədqiqat müəssisələrinin fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertantura və doktoranturasına qəbul olmuş namizədlərin mövzuları geniş müzakirə edilib.

Akademik Gövhər Baxşəliyeva, həmçinin İctimai Elmlər Bölməsinin müəssisələri üzrə 2023-cü il üçün dissertantura və doktoranturaya qəbul planına dair verilmiş təklifləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bölmə sədri qəbul planı ilə əlaqədar elmi tədqiqat müəssisələrinə mütəxəssislərin yetişdirilməsinə ehtiyac duyulan ixtisaslara daha çox yer ayırmağı tövsiyə edib.

Alim, o cümlədən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” ölkə başçısının 29 sentyabr 2022-ci il tarixli Sərəncamından irəli gələrək İctimai Elmlər Bölməsinin və müəssisələrinin qarşısında duran vəzifələrdən söz açıb. Sözügedən Sərəncamın icrasına uyğun olaraq, keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfranslar, elmi sessiyalar, seminarlar, həmçinin Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılıq irsinə dair kitab və monoqrafiyaların, sənədlər toplusunun hazırlanması, tarixi, fəlsəfi görüşləri və s. bağlı materialların KİV-də işıqlandırılması istiqamətində verilmiş təkliflər iclas iştirakçılarının nəzərinə çatdırılıb. Akademik Gövhər Baxşəliyeva bu istiqamətdə görüləcək işlər və qarşıda duran vəzifələrlə bağlı institut rəhbərlərinə öz tapşırıq və tövsiyələrini verib.

Bölmə rəhbəri, həmçinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbay­can Res­publikası Prezi­den­tinin Sərəncamına da toxunub, bu istiqamətdə İctimai Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlarda görülmüş və ilin sonuna kimi görüləcək işləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Vurğulayıb ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və yaranmasının 270-ci ilini qeyd etdiyimiz Şuşa şəhəri xalqımızın ictimai-siyasi, ədəbi, mədəni həyatında hər zaman mühüm rol oynamış, öz füsunkar gözəlliyi ilə daim bura gələn qonaqların diqqətini cəlb etmişdir. Akademikin sözlərinə görə, ötən 3 əsrdə Şuşada xalqımızın mədəniyyətini əks etdirən bir çox tarixi memarlıq abidələri tikilmiş, lakin onların bir qismi 1992-ci ildə ermənilərin şəhəri işğalından sonra dağıdılmışdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tərəfindən Şuşanın düşmən işğalından azad edilməsindən sonra bütün Qarabağda olduğu kimi, tarixi Şuşa şəhərində də geniş quruculuq işlərinin həyata keçirildiyini söyləyən akademik şəhərin tarixi, arxeologiyası, etnoqrafiyası, memarlığı, iqtisadiyyatı, görkəmli şəxsiyyətləri ilə bağlı nəşrlərin hazırlanaraq bir neçə dildə yerli və beynəlxalq ictimaiyyətə təqdim edilməsinin vacibliyini vurğulayıb.

İclasda, həmçinin bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Elmi şuranın qərarı ilə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin yaradılması barədə AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Akademik Gövhər Baxşəliyeva Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli qərarına müvafiq olaraq, AMEA-nın strukturunda yer alan Elm Tarixi İnstitutunun ləğv edilməsi ilə əlaqədar sözügedən müəssisənin bir qrup əməkdaşının Akademiyanın digər elmi tədqiqat müəssisələrinə yerləşdirilməsi məsələsini də müzakirə edib.

Bundan əlavə, Tarix İnstitutunun kiçik elmi işçisi Samirə Hadiyevanın doktorantura təhsilini Türkiyənin Qara dəniz Texniki Universitetində davam etdirməsi məqsədilə Türkiyəyə iki illik ezam olunması məsələsinə baxılıb. Həmçinin AMEA-nın Fəlsəfə və Sosio­lo­giya İnstitutunun iki əməkdaşının vəzifəsində dəyişiklik edilib.

İclasda görkəmli tarixçi alim, Əməkdar müəllim, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyevin 80 illiyi ilə əlaqədar AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: