AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) təşkilatçılığı ilə “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfrans keçirilib.
Onlayn formatda baş tutan tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli Azərbaycanda elm tarixi və elmşünaslıq istiqamətində fundamental araşdırmaların əhəmiyyətindən danışıb. O çıxışında bildirib ki, mövzu ilə bağlı artıq III dəfədir keçirilən beynəlxalq konfrans həm yerli, həm də beynəlxalq səviyyədə xüsusi maraq doğurur. Alim elmşünaslıq sahəsində tədqiqatların yeni olmasına baxmayaraq, bu istiqamətdə son illər çox ciddi araşdırmalar aparıldığını vurğulayıb.
Giriş sözündən sonra M.Seyidbəyli plenar iclası açıq elan edib. Tədbirdə professor M.Seyidbəylinin elmi məruzəsi ilə yanaşı, Rusiya EA S.İ.Vavilov adına Təbiət elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri doktoru Nadejda Aşeulova, Rusiya Elmlər Akademiyası Arxivinin Sankt-Peterburq Bölməsinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Larisa Bondar, Botanika İnstitutunun Ekosistemlərin fitososiologiyası şöbəsinin müdiri, biologiya elmləri doktoru Naibə Mehdiyeva və digərləri elmi məruzə ilə çıxış ediblər.
Rusiya, Ukrayna, Belarusdan olmaqla 80-dən çox yerli və xarici alimin və tədqiqatçının qatıldığı konfransa müvafiq olaraq eyni sayda tezis və məqalələr təqdim edilib. Konfransda arxeologiya, elm tarixi, kimya, riyaziyyat, botanika və s. elm sahələri üzrə çıxışlar dinlənilib.
Qeyd edək ki, təqdim edilən bütün məqalələr konfrans materialları olaraq nəşr ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.