AMEA-nın Tarix İnstitutunda Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yığıncağı açan Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində baş verən hadisələrə nəzər salaraq bildirib ki, müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədi və dönməz etdi. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.
Tədbirdə çıxış edən Tarix İnstitutunun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdəndir, millətimizin qürurudur, müstəqil dövlətimizin qurucusudur. Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti bu gün dünya miqyasında böyük nüfuza malikdir. Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirir. Müdrik, uzaqgörən dövlət xadimi kimi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı firavan gələcəyə aparır. 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfər bunu bir daha sübut etdi. Müstəqil dövlətimiz bu gün çox etibarlı əllərdədir.
Sonra institutun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin müdiri vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov qeyd edib ki, bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətlərilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.