Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Mübariz Ağalarlı: Xudafərin körpüsünün işğaldan azad edilməsi tarixi ədalətin bərpası idi
18.10.2022 13:58
  • A-
  • A
  • A+

Mübariz Ağalarlı: Xudafərin körpüsünün işğaldan azad edilməsi tarixi ədalətin bərpası idi

Bu gün Araz çayı üzərində yerləşən və Azərbaycanın birlik və bütövlük simvolu olan Xudafərin körpüsünün erməni işğalından azad edilməsinin ildönümüdür. 2020-ci il oktyabrın 18-də Xudafərin körpüsü müzəffər Azərbaycan Ordusu tərəfindən erməni işğalçılarından azad edilərək Azərbaycanın üçrəngli bayrağı körpünün üzərinə sancılıb.

Bunu açıqlamasında AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günündə - 18 Oktyabr tarixində şanlı Ordumuzun Xudafərin körpüsünü işğaldan azad edərək, körpü üzərində Azərbaycan bayrağını dalğalandırması Zəfər salnaməmizin bir səhifəsi olmaqla bərabər, tarixi ədalətin bərpası idi. Mübariz Ağalarlı Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsünün tarix boyu Azərbaycan xalqının mənəvi birliyinin simvoluna çevrildiyini vurğulayıb: “Xudafərin körpüsü həmişə xalqımızın qədimlik və birlik rəmzinin təzahürü olaraq öz mənəvi dəyərini qoruyub saxlayıb. Xudafərin körpüləri Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bu gün də öz mövcudluğunu qorumaqdadır. Onlardan “Baş Xudafərin körpüsü” adlanan 11 aşırımlı körpünün uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.

Azərbaycanın memarlıq sənətində bu olduqca qədim və əzəmətli abidələr haqqında tarixi qaynaqlarda çoxsaylı məlumatlar əks olunsa da, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir. Əsas tarixi qənaət ondan ibarətdir ki, 15 aşırımlı körpü 1027-ci ildə Azərbaycan hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa etdirilib. 11 aşrımlı körpü isə XIII əsrdə Elxanilərin Azərbaycanda hakimiyyəti dövründə inşa və yaxud bərpa edilib.

Orta əsrlər tarixçisi Həmdullah Qəzvini məlumatlarında körpülərin adını “Xuda-Afərin” kimi yazır ki, bu da “Allah tərəfindən yaradılmış”, “Allaha Mərhaba” mənalarını verir”.

Tarix boyu Xudafərin körpüsünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığını deyən tarixçi-alim körpünün Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən əsas nəqliyyat keçid məntəqələrindən biri olduğunu deyib: “Xudafərin körpülərini Azərbaycanın orta əsrlər dövrü memarlıq sənətinin incilərindən hesab etmək olar. Təəssüf ki, onbir aşırımlı körpünün sahil tağları XX yüzilin 30-cu illərində Şimali və Cənubi Azərbaycan arasında mədəni əlaqələri kəsmək üçün İran və SSRİ rəhbərliyinin birgə qərarı ilə dağıdılıb. Həmin vaxtdan da yerli əhali körpüyə Sınıq körpü adını vermişdi. 30 illik erməni əsrliyi dövründə Xudafərin körpüləri siyasi, iqtisadi zərərləri ilə yanaşı xalqımızın qəlbində böyük mənəvi yaralara da yol açıb. Xudafərin körpülərinin düşmən əsrliyindən azad olunması artıq o taylı, bu taylı azərbaycanlıların yaralarının sağalmasına böyük mənəvi zəmin yaratmışdır. Xudafərin körpüsü təkcə hərbi-siyasi, iqtisadi və strateji xarakter daşımır, eyni zamanda, bütün Azərbaycanın birlik, bütövlük simvolu olaraq dünya azərbaycanlılarının birliyini ifadə edir”.

AzərTac

  • Paylaş: