AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Etnoarxeologiya şöbəsinin əməkdaşlarının 2022-ci ildəki elmi nəşr işləri uğurlu olub. İl ərzində şöbə əməkdaşlarının xarici ölkələrdə 10-dan artıq elmi məqaləsi nəşr edilib. Bu məqalələrdən 5-i impakt faktorlu - “Web of Science” (WoS) və “Scopus” elmi bazalarında indeksləşdirilən jurnallarda çap olunub. Həmin məqalələrdə Azərbaycanın arxeoloji abidələri, qədim tarixi barədə maraqlı faktlar yer alıb. Bu məqalələrdən ikisinin müəllifi şöbə müdiri, t.e.d., professor Nəcəf Müseyibli, digər üçünün müəllifləri isə müvafiq olaraq t.e.d., professor Məhəbbət Paşayeva, t.ü.f.d., dosent Şamil Nəcəfov və t.ü.f.d., dosent Anar Ağalarzadədir. Həmin məqalələr aşağıdakılardır:
1. Н.Мусеибли. Петроглифы Гямигая и их аналогии в культурах Древнего Востока // Поволжская археология. № 3 (41). Казань-2022. С. 204-214. (WoS, Scopus). (Gəmiqaya petroqlifləri və onların Qədim Şərq mədəniyyətlərində analogiyaları).
Məqalədə Ordubad rayonunda yüksək dağlıq zonada yerləşən Gəmiqayanın Tunc dövrünə aid qayaüstü təsvirləri, onların Qədim Şərq mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri üzərindəki analogiyaları müqayisəli şəkildə geniş şərh edilib. Qeyd edilib ki, Gəmiqayanın və Şərq abidələrindəki təsvirlərin yaxınlığı Naxçıvanın Tunc dövrü əhalisinin Qədim Şərq mədəniyyətləri ilə sıx əlaqələrinin nəticəsidir.
2. Н.Мусеибли. Каменная индустрия лейлатепинской культуры // История, археология и этнография Кавказа. Т. 18. № 3. Махачкала-2022. С. 729-750. (ELSEVİER-Scopus). (Leylatəpə mədəniyyətinin daş məmulatı).
Azərbaycanın Xalkolit dövrü başlıca olaraq Leylatəpə arxeoloji mədəniyyəti (e.ə. V minilliyin sonu - IV minilliyin birinci yarısı) abidələri əsasında tədqiq edilib. Bu məqalədə Leylatəpə mədəniyyəti abidələrində arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş zəngin daş məmulatı - əmək alətləri, məişət əşyaları təhlil edilib, Şərqi Anadolu-Şimali Mesopotamiya ilə irsi bağlılıqlar qeyd edilib. Daş alətlərin tipoloji xüsusiyyətləri, Xalkolit dövrü əhalisinin təsərrüfatında onların əhəmiyyəti müəyyən edilib.
3. М.Пашаева. Последнее пристанище святого Елисея в Кавказской Албании: Заргунская долина (мифы и реальность) // Вопросы Истории № 1-2, 2022, С. 224-231. (WoS). (Müqəddəs Yeliseyin Qafqaz Albaniyasında son sığınacağı: Zərqun vadisi (miflər və həqiqətlər)).
Məqalədə Müqəddəs Yeliseyin Qafqaz Albaniyasında missionerlik fəaliyyəti, onun Qüdsdən Albaniyaya hərəkət marşrutu, Albaniya ərazisində qət etdiyi ərazilər, xüsusilə də, onun son sığınacağı - qətlə yetirildiyi Zərqun dərəsi və Homenk toponimlərinin lokalizasiyası məsələləri araşdırılıb. Mənbələr, tarixi-toponimik materiallar və arxeoloji-etnoqrafik materialların müqayisəli qarşılaşdırılması əsasında Qəbələ bölgəsində Müqəddəs Yeliseyin və onun tələbələrinin qətlə yetirilməsi ilə bağlı günümüzədək qorunub qalmış müxtəlif miflər, rəvayətlər, qədim alban ziyarətgahları araşdırılıb.
4. Ш.Наджафов. Некрополь Газыгулу-памятник ходжалы-гедабекской культуры позднего бронзового-раннего железного века бассейна реки Товуз // Поволжская археология, № 1 (39) 2022. С. 118-130. (WoS, Scopus). (Qazıqulu nekropolu – Tovuzçay hövzəsində Son Tunc-İlk Dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyətinin abidəsi).
Məqalə Tovuzçay su anbarının tikintisi ilə əlaqədar olaraq Tovuz rayonunun Qazıqulu kəndində 2007-2009-cu illərdə aparılmış arxeoloji qazıntıların nəticələrinə həsr olunub. Qazıntılar zamanı e.ə. IX-VII əsrlərə bu məzarlıqda icra edilmiş dəfn adətləri saxsı qablar, tuncdan hazırlanmış silah nümunələri - xəncər, nizə və ox ucluqları, müxtəlif bəzək əşyaları məqalədə geniş şərh edilib. Aşkar edilmiş artefaktların bölgənin qədim əhalisinin məşğul olduğu sənətkarlıq sahələrinin öyrənilməsində əhəmiyyəti müəyyən edilib.
5. A.Agalarzade. Grave Monuments in South–Eastern End of the South Caucasus: Late Bronze – Early Iron Age Kurgans // Поволжская археология, № 1 (39) 2022, P. 130-144. (WoS, Scopus). (Cənubi Qafqazın cənub-şərq hissəsində qəbir abidələri: Son Tunc-İlk Dəmir dövrü kurqanları).
Məqalədə yaxın illərdə Yardımlı rayonunun yüksək dağlıq ərazilərindəki Tunc-İlk Dəmir dövrü kurqan tipli qəbir abidələrinin tədqiqatlarının nəticələri ümumiləşdirilib. Qeyd edilib ki, bu abidələrin arxeoloji tədqiqatları bölgədə göstərilən dövrdə aran və dağlıq ərazilərin paralel şəkildə məskunlaşma xüsusiyyətləri, əhalinin dəfn adətləri, təsərrüfat sahələrinin inkişaf tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, Etnoarxeologiya şöbəsinin əməkdaşlarının İmpakt Faktorlu bu jurnallardakı məqalələri Azərbaycanın qədim tarixinin tədqiqi ilə yanaşı arxeoloji abidələrimiz, qədim tariximiz barədə elmi informasiyaların beynəlxalq səviyyədə yayılması istiqamətində təqdirəlayiq fəaliyyətdir.
Nəcəf MÜSEYİBLİ, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Etnoarxeologiya şöbəsinin müdiri, t.e.d., professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.