AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdə qoyulan məsələlər barədə məlumat verib.
Akademik İsa Həbibbəyli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” ölkə başçısının 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Humanitar Elmlər Bölməsində hazırlanmış Tədbirlər planını iclas iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinin layiqincə qeyd olunması ilə əlaqədar “Heydər Əliyev Ensiklopediyası”nın, “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” (akademik İsa Həbibbəyli), “Heydər Əliyev və klassik irsimiz” (akademik Teymur Kərimli), “Heydər Əliyev və Hüseyn Cavid” (Gülbəniz Babaxanlı), həmçinin “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev: şəxsiyyətin və fəaliyyətin miqyası”, “Ədəbiyyatda Heydər Əliyevin bədii obrazı: tarixilik və müasirlik”, “Təsviri sənətdə Heydər Əliyevin bədii obrazı” kollektiv monoqrafiyalarının hazırlanması və nəşri məqsədəuyğun hesab edilib. Humanitar Elmlər Bölməsi və onun elmi müəssisələrinə “Heydər Əliyev: müstəqil dövlətçilik, zaman və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.
Daha sonra akademik İsa Həbibbəyli “Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının 3 oktyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı Humanitar Elmlər Bölməsində hazırlanmış Tədbirlər planı haqqında məlumat verib. XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış ədibin yubileyinin yüksək səviyyədə keçirilməsi məqsədilə “Ömər Faiq Nemanzadə və “Molla Nəsrəddin” ədəbi məktəbi”, “Ömər Faiq Nemanzadə dil haqqında və əsərlərinin dili”, “Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığı şəxsi arxivlərdə”, “Ömər Faiq Nemanzadə ömrü, irsi və mübarizələri” mövzusunda elmi sessiyaların keçirilməsi, “Ömər Faiq Nemanzadə: həyatı və yaradıcılığı” monoqrafiyasının nəşrə hazırlanması və s. bağlı müzakirələr aparılıb.
Akademik İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nı Elmi şuranın iştirakçılarına təqdim edib. O, yeni çapdan çıxmış atlası cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqlara böyük qayıdışın töhfəsi, Humanitar Elmlər Bölməsinin 2022-ci ildəki ən böyük uğuru kimi yüksək qiymətləndirib.
İclasda, həmçinin 2022-ci il üçün elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri ilə bağlı əldə olunan göstəricilər barədə danışılıb. 2023-ci il üçün elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul planı ilə bağlı müəssisələrin rəhbərlərinin təklifləri nəzərə alınmaqla müvafiq qərar qəbul edilib.
Elmi şuranın sədri, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəylinin 75 illiyinin qeyd olunması haqqında Memarlıq və İncəsənət İnstitutuna, AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 85 illiyi ilə əlaqədar Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müvafiq tapşırıqlar verib. Humanitar Elmlər Bölməsinin Elmi şurası tərəfindən akademik Ömər Eldarovun 95, akademik Nərgiz Paşayevanın 60 illik yubileyləri ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması ilə bağlı qərarlar qəbul edilib. Həmçinin Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi və bir sıra kadr məsələlərinə baxılıb.
Sonda Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrinin mövcud fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.