AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Yüksək Texnologiyalar Mərkəzi arasında birgə elmi tədqiqatlar, istehsalat, tədris-metodiki fəaliyyət sahəsində əməkdaşlıq və tərəfdaşlıq haqqında Memorandum imzalanıb.
Yüksək Texnologiyalar Mərkəzinin “Zoom” platforması üzərindən təşkil etdiyi “Elm və İnnovasiya” beynəlxalq konfransı çərçivəsində keçirilən imzalanma mərasimindən sonra RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin və Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımovanın həmmmüəllifi olduqları “İkiqat fərqlər üsulu ilə Azərbaycan ərazisinin Yer qabığının seysmik tomoqrafik modeli” mövzusunda məruzəsi təqdim olunub. Məruzəni dosent Səbinə Kazımova təqdim edib.
Qeyd edək ki, iclasda, həmçinin RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.