Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi təqdirəlayiq hadisələrdən biridir. Ulu Öndərin genişmiqyaslı fəaliyyətində dil siyasəti mühüm yer tutub. Bu baxımdan “Heydər Əliyev İli” Azərbaycan dilinin daha dərindən tədqiqinə geniş imkanlar açır.
Xalqımızın tarixinin, mədəniyyətinin, milli-mədəni ənənələrinin ifadəçisi olan ana dilinə hörmət, onun inkişafına qayğı və bu dili təsbit etmək Heydər Əliyevin dil siyasətinin başlıca istiqamətləridir.
Ulu Öndərin bütün nitq və çıxışları ana dilimizin zənginliklərini aşkara çıxarır. Dahi rəhbər Azərbaycan dilini müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edib, onun digər dillər arasında yaşaması və daha da təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürüb.
Ümummilli lider Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı və 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunundan sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlandı, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yarandı. Məhz bu dövrdə dilimizin funksional imkanları genişləndi, üslubları zənginləşdi, dilin daxili inkişaf meyilləri əsasında yazı qaydaları cilalandı. İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları var. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat istifadə edilməsin.
Şübhəsiz ki, müstəqilliyin ən mühüm atributlarından biri dil məsələsidir. Müstəqilliyin ilk illərində dövlət dili ilə bağlı fərqli mövqelər ortaya qoyulurdu. Məsələnin ciddiliyini nəzərə alan ümummilli lider Heydər Əliyev bununla bağlı müzakirələr keçirir. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
Ümummilli lider Heydər Əliyev dövlət dili probleminin tarixi-fəlsəfi, hüquqi və milli-mənəvi konsepsiyaya əməl olunmaqla həllini tapmaq işinə də böyük önəm verirdi. Ulu Öndərin qarşıya qoyduğu bu vacib məsələni Azərbaycan dilçiləri sosiolinqvistik planda müvəffəqiyyətlə yerinə yetirdilər. Akademik Ağamusa Axundov dövlət dilimizin adının Azərbaycan dili kimi tanınmasını (de-yure, de-fakto) tarixilik və dövlətçilik baxımından demokratik tərzdə hərtərəfli əsaslandırdı. Bununla da dilimizin adı və məzmunu həm siyasi, həm də elmi cəhətdən birmənalı şəkildə təsbit olundu.
Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edilsə də, icrası illərlə uzandı. Latın qrafikalı yeni əlifba Kiril əlifbası ilə paralel işlənirdi. Ulu Öndərin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı isə iki əlifbadan istifadəyə birdəfəlik son qoydu. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edilməsi və yeni əlifbadan istifadə müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə oldu.
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Nadir MƏMMƏDLİ, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.