Fizika İnstitutunda akademik Məhəmmədəmin Şahtaxtinskinin 90 illik yubileyinə həsr olunmuş “Kompozisiyalı quruluşlar fizikası” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransı giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb. O bildirib ki, akademik M.Şaxtaxtinski öz dəsti-xətti ilə seçilən alimlərdən olub. Alimin həyatının mühüm məqamlarına toxunan akademik A.Həşimov M.Şaxtaxtinskinin elmi fəaliyyətindən, eləcə də Fizika İnstitutunda keçdiyi şərəfli ömür yolundan söhbət açıb.
A.Həşimov qeyd edib ki, akademik Məhəmmədəmin Şahtaxtinski AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro üzvü, Azərbaycan Fizika Cəmiyyətinin prezidenti, Avroasiya Fizika cəmiyyətinin vitse-prezidenti olub. M.Şaxtaxtınskinin elmi tədqiqatları fizikanın müxtəlif sahələrini əhatə edib. O, həmçinin elektron-ion və relaksasiya proseslərini kompleks tədqiq edib, yeni elmi istiqamətin kompozisiyalı quruluşlar fizikasının əsasını qoyub.
Sonra çıxış edən akademik Cavad Abdinov qeyd edib ki, hamının tanıdığı, yoldaşlıq etdiyi akademik M.H.Şahtaxtinski Azərbaycan fizika elminin inkişafında xüsusi xidməti olan alimlərdəndir. Məhəmmədəmin Şahtaxtinskinin atası akademik Həbibulla Şahtaxtinski və babaları Şahtaxti kəndindən olduğundan onlar bu soyadla seçiliblər və akademik kimi də bu soyadla tanınıblar. M.Şahtaxtinski 1932-ci ilin 10 iyulunda Bakı şəhərində anadan olub. 1956-cı ildə Moskva Energetika İnstitutunun Radio-Fizika fakültəsini bitirib. Elə həmin il Azərbaycan EA Fizika-Riyaziyyat İnstitutuna işə göndərilib və iş fəaliyyətini orada davam etdirib. 1960-cı ildə fizika üzrə fəlsəfə doktoru, 1968-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını alıb, 1981-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib.
Konfransda, həmçinin Milli Aviasiya Akademiyasının Elmi Tədqiqatlar İnstitutunun rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Aydın Musayev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamil Qurbanov və fizika-riyaziyyat elmləri doktoru, professor Əli Məmmədov M.Şaxtaxtinski ilə bağlı xatirələrini bölüşüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.