Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

01.11.2022 15:42
  • A-
  • A
  • A+

“Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” kitabı çap olunub

“Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” kitabı çap olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Əbədi Turan Kitab Fondu İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində çap edilmiş “Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” adlı toplunun Bakıdakı 115 saylı tam orta məktəbdə təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə 115 saylı tam orta məktəbin direktoru Natəvan Əsədova açaraq Vətən müharibəsinə, II Qarabağ savaşının ədəbiyyata əks olunmasına həsr olunmuş “Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” toplusundan söz açıb. Natəvan Əsədova AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuadın Vətən üçün, ədəbiyyat üçün gördüyü işlərdən danışıb. Sonra sözü kitabın tərtibçisi və “Ön söz”ünün müəllifi Esmira Fuada verib.

Esmira Fuad kitabın yaranma səbəbləri, istifadə olunan mənbələr haqqında məlumat verib. O, 44 günlük Vətən müharibəsinin qürürverici nəticələrindən, Azərbaycan xalqının və onun yetişdirdiyi cəngavər oğulların rəşadətindən, dünya hərb sənətində yeni səhifə olan Şuşa zəfərindən danışıb. E.Fuad vurğulayıb ki, II Qarabağ müharibəsinin nəticələri Quzeydə olduğu kimi, Güney Azərbaycan ədəbiyyatından da yan keçməyib, yazarlar tərəfindən mövzu ilə bağlı yeni-yeni əsərlər qələmə alınıb və ədəbi proses bu gün də davam edir. Topluda N.Həsənzadə, S.Rüstəmxanlı, R.Yusifoğlu, F.Əzizbəyli, K.Abiyeva, R.Qusarçaylı, Ş.Şahin, S.Arazlı Özgün, İ.Qəhrəman, K.Kərimli, T.Kərimli, R.Məcid, K.Hacı, E.Piri, E.Uğur, E.Barat, Z.Bayramlı, V.Əhməd, B.Sadiqlə yanaşı, əslən Güneydən olan K.Qəhrəmanoğlu, B.Elçibəy, R.Qədiri, Ə.Fəxr, K.Xiyav, F.Əsğərniya-S.Sonay, M.Şeyxpur, R.İ.Azərin də əsərləri nəşr edilib.

Sonra topluda yer alan, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda köklənməsinə böyük təsiri olacaq şeirlər məktəblilər tərəfindən səsləndirilib.

Tədbirdə iştirak edən f.e.d., Rafiq Yusifoğlu, şairlər İlham Qəhrəman, Kəmalə Abiyeva, Aysel Aydın Əlizadə, 182 saylı tam orta məktəbin direktoru Zinyət Tağızadə və başqaları çıxış edərək toplu ilə bağlı fikirlərini söyləyiblər.

Sonda tərtibçi müəllifə aktiv fəaliyyətində uğurlar arzu edilib, çap olunmuş kitablar şagirdlərə, müəllimlərə və tədbirə gələn qonaqlara hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: