Türkiyədə həmyerlimiz - Erciyes Universitetinin Gözəl sənətlər fakültəsinin professoru, fəlsəfə elmləri doktoru Nigar Cərulla qızının "Doğuda və Batıda İnsan və Şahsiyet" (Şərqdə və Qərbdə İnsan və Şəxsiyyət") adlı monoqrafiyası nəşr edilib.
Kitabda ilk dəfə olaraq toplu halında Şərq və Qərb fəlsəfi fikir tarixində yer alan şəxsiyyət konsepsiyası çeşidli rakurslardan analiz edilir, tarixin dönəmlərində problemin necə qoyulması araşdırılaraq göstərilir.
Müəllif Şərq, Qərb və Çağdaş fəlsəfi düşüncələri dəyərləndirərək hər bölümdə oxuculara yeni bir mülahizə dünyası təqdim edir, eyni zamanda sosiumun psixoloji durumlarına yönəlik təhlillərə yer ayırmaqla oxucuya toplumu dəyərləndirmə imkanı yaradır. Müəllif nəşrdə bədii miras və dinlər baxımından maraq göstərdiyimiz, fəlsəfə elmində yetərincə üzərində dayanılmayan və küll halında təqdim edilməyən Şərq fəlsəfəsinə xüsusi önəm verir.
Monoqrafiyada, həmçinin Yaxın və Uzaq Şərq və Qərb filosoflarının və ədiblərinin insan və şəxsiyyət haqqında fikirləri Amerika, Avropa, Türk, Azərbaycan və Rus-Sovet qaynaqlarından istifadə edilərək açıqlanır.
Elmi əsər təkcə universitetlərin tarix, fəlsəfə, ədəbiyyat və sosioloji elmlər fakültələri üçün deyil, həm də cəmiyyətin psixoloji durumuna aid təhlillərə maraq göstərən mütəxəssislər üçün əhəmiyyətlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.